Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstənin kəndlərə hücumu nəticəsində azı 24 fermer həlak olub, daha bir neçə nəfər yaralanıb.
"Reuters"in məlumatına görə, motosikletlə hərəkət edən silahlılar Sauna rayonundakı kəndlərə basqın edərək tarlalarda çalışan insanlara atəş açıblar.
"Onlar azı 24 günahsız fermeri qətlə yetirdilər. İtkilərin sayı hələ dəqiqləşdirilir”, – deyə yerli sakin Auwal Sani bildirib.
Sakinlərin sözlərinə görə, hücumçular Sauna kəndinə çatana qədər Mayanchi–Anka magistralı boyunca təxminən 50 kilometr məsafə qət etsələr də, yolda heç bir təhlükəsizlik qüvvəsi ilə qarşılaşmayıblar.
Digər sakin Bello Aliyu isə hücumun təxminən üç saat davam etdiyini bildirib.
Qeyd edək ki, Zamfara ştatı Nigeriyanın şimal-qərbində silahlı dəstələrin kəndlərə hücumları, adam oğurluqları və mal-qara talanları ilə müşayiət olunan təhlükəsizlik böhranının əsas mərkəzlərindən biri hesab olunur.










































