Niyə 700 bal toplayanların sayı az oldu? – Ekspert açıqladı

Niyə 700 bal toplayanların sayı az oldu? – Ekspert açıqladı
SOSİAL
11:51 29.07.2026
243
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Məlumat üçün bildirək ki, bu il I və IV ixtisas qrupları üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən maksimal nəticə olan 700 balı hər qrup üzrə 1 nəfər olmaqla, ümumilikdə 2 abituriyent toplayıb.

Bununla yanaşı, II və III ixtisas qruplarında isə heç bir abituriyent 700 bala nail ola bilməyib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu il qəbul imtahanlarının nəticələri gözlənilən proqnozları doğrultmayıb:

"Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, proqnozlaşdırılanların heç biri özünü doğrultmadı. Düşünülürdü ki, bu il buraxılış imtahanları ağır keçdiyinə görə yüksək nəticə göstərənlərin sayı 3-5 nəfər arasında ola bilər. Amma bu da baş vermədi. Təxminən heç bir proqnoz özünü doğrultmadı. Hesab edirəm ki, artıq Azərbaycanda ali təhsil müəssisələrinə qəbul abituriyentlərin istəyindən və arzusundan çox, Dövlət İmtahan Mərkəzinin sualları necə hazırlamasından asılıdır. Çünki Dövlət İmtahan Mərkəzi bir il sualları nisbətən asan, digər il isə daha çətin hazırlayır. Bəzən iki il ardıcıl təlim-tədrisin mahiyyətinə uyğun suallar təqdim olunur, növbəti il isə fərqli yanaşma tətbiq edilir".

Məzahir Məmmədli qeyd edib ki, apellyasiya müraciətlərinin artması abituriyentlərin nəticələrdən narazı qaldığını göstərir:

"Digər tərəfdən, Dövlət İmtahan Mərkəzinə edilən apellyasiya müraciətlərinin sayı artıb. Bu da onu göstərir ki, imtahan verən abituriyentlər müəyyən qədər nəticələrdən narazıdırlar və buna görə də apellyasiya şikayəti verirlər. Dövlət İmtahan Mərkəzinin ötən illərin təcrübəsinə əsasən, bu ildən etibarən apellyasiya müraciətləri ödənişli olacaq. Bu isə müraciətlərin sayının azalmasına səbəb olacaq. Əvvəllər nəticəsindən narazı olanlar kütləvi şəkildə müraciət edir, şikayətlərinin araşdırılmasını tələb edirdilər. Bu da müəyyən mənada Dövlət İmtahan Mərkəzinin iş yükünü artırırdı. Ümumilikdə isə gözlənilən proqnozlar bu idi və nəticələr də bu şəkildə oldu".

Təhsil eksperti hesab edir ki, 700 bal toplamaq gələcək uğurun yeganə göstəricisi deyil:

"Düzdür, mənim fikrimcə, 700 ballıq nəticə əsas, olmazsa-olmaz meyar deyil. Elə abituriyentlər olub ki, 700 bal toplasalar da, sonradan ali təhsil müəssisəsində oxuyarkən 500-600 bal toplayan bəzi tələbələrdən daha yüksək nəticə göstərə bilməyiblər. Əslində, bu göstərici daha çox ümumi təhsil müəssisələrinin reytinqi baxımından əhəmiyyət daşıyır. Yəni hansı məktəbdən 700 ballıq məzunların çıxması ön plana çəkilir. Mən hesab edirəm ki, yüksək prestijli ixtisaslara qəbul olmaq və Prezident təqaüdü qazanmaq istəyənlər arasında hər zaman ciddi rəqabət olub. Çünki yüksək nəticə göstərənlər Prezident təqaüdü almaq imkanı da əldə edirlər. Əvvəlki illərdə təxminən 50-60 nəfər abituriyent yüksək nəticə göstərirdi. Amma düşünmürəm ki, bu il də eyni mənzərə olacaq. Güman edirəm ki, bu il həmin göstərici daha aşağı olacaq. Ümumi qəbul nəticələri elan edildikdən sonra Prezident təqaüdü almaq hüququ qazanan tələbələrin təxmini sayı da məlum olacaq".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR