Nobel mükafatı laueratına Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verildi
GƏNCLİK
22:15 12.10.2011
2004
Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin rektoru, professor Səməd Seyidov Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprasad Naypolu qəbul etdi. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi. Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. S. Seyidov qeyd etdi ki, Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprasad Naypol oktyabr ayının 11-12-də “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana gəlmişdir. “Bu, professor-müəllim və tələbi heyəti üçün tarixi gündür. Ədəbiyyatda yeni yanaşmanın təməlini qoymuş və bu səbəblə Nobel almış şəxs universitetimizi ziyarət edir. Ümid edirəm ki, vaxt gələcək bizim tələbələrimizdən biri də Nobel mükafatına layiq görüləcək”. Rəhbərlik etdiyi universitet haqqında qonağa məlumat verən rektor bildirdi ki, ADU-da 5000 tələbə təhsil alır və burada 14 dil tədris olunur. Bununla bərabər, həmin ölkələrin mərkəzləri də ADU-da fəaliyyət göstərir. Rektor qonağa İnformasiya Resurs Kompleksinin fəaliyyətindən söz açdı. Daha sonra rektor ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifova söz verdi. N. Yusifov da öz növbəsində V. S. Naypolun həyatı haqqında tədbir iştirakçılarına məlumat verdi. O dedi: “Vidiadxar Naypol 1950-ci ildə İngiltərənin хeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford universitetinə daхil olmuşdur. O, "Sirli masajçı", "Əldəqayırma", "Partizanlar" romanlarının müəllifidir. Naypolun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizənin təsvirini əks etdirir”. Daha sonra rektor ADU-nun Elmi Şurasının qərarı ilə Naypola universitetin fəxri doktor mantiyasını təqdim etdi. Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprasad Naypol isə öz növbəsində xarici dil bilməyin əhəmiyyətini vurğuladı. Rektora təşəkkür edən Nobel mükafatı laueratı ADU-da olduğundan məmnunluğunu dilə gətirdi. Sonda universitetin professor-müəllim heyəti qonaqla xatirə şəkli çəkdirdi.