Bakının Xətai rayonu, Nobel prospektində yük maşınından yola dağılmış torpaq və daş həmin prospektlə hərəkətdə olan digər avtomobillər üçün ciddi problemlər yaradıb. Gözlənilmədən iri daşlarla rastlaşan sürücülər ya ən yaxşı halda xırda cızılmalarla onlardan yan keçir, ya da ən pis halda iri daşlar avtomaşınların altında qalaraq ciddi ziyan yetirir.İki hissədə və hər biri təxminən 500 kvadratmetr əraziyə dağılmış daş-kəsəyin şəhərin mərkəzindən Zığ dairəsi istiqamətində hərəkət edən bir HOVO markalı yük maşınından töküldüyü bildirilir. Bununla yanaşı, Yol Patrul Xidməti əməkdaşları da hadisədən xəbərdar edildi və Xətai rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişlərinin olduğu xidməti avtomaşın digər avtomobillərin də qəzaya düşməməsi üçün həmin əraziyə cəlb edildi.Tərtib olunmuş akt əsasında isə yük maşınını idarə edən sürücüyə müəyyən məbləğdə cərimənin nəzərdə tutulduğu da bildirildi. Eyni zamanda digər avtomaşınlara dəymiş ziyan da araşdırılır.