Norveç hökuməti bu ölkənin "Molde” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la Bakıdakı oyun üçün xahişini rədd edib.
AzxeberSport-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ölkənin mədəniyyət naziri Abid Raca deyib.
O, "Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib.
"Əgər bu görüş Azərbaycanda baş tutarsa, "Molde" futbolçuları vətəninə döndükdən sonra koronavirus pandemiyası ilə əlaqədar 10 günlük karantinə alınmalıdır. Buna görə də, mən Norveç Futbol Federasiyasını və "Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq".
Qeyd edək ki, "Qarabağ” – "Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib. Matçla bağlı yekun qərar yaxın günlərdə açıqlanacaq. Oyun ya neytral meydanda keçiriləcək, ya da "Molde"yə texniki məğlubiyyət veriləcək.