Norveçlə oyundan əvvəl yaralanan Nahidin atası danışdı

Norveçlə oyundan əvvəl yaralanan Nahidin atası danışdı
TOP4
23:13 10.10.2016
2653
Millimizin Norveçlə oyundakı qələbəsi hamımızı sevindirsə də bunu ürəkdən qeyd edə bilmədik. Səbəb isə hələ oyundan əvvəl aldığımız bəd xəbər idi: "Bakı Olimpiya Stadionuna (BOS) gedən yolda daha bir azarkeş körpüdən yıxılıb”.
 
Həmkarlarımın birinin dilindən bu sözü eşidəndən sonra sanki başımdan qaynar su töküldü: "Yenə?” Bəli, yenə eyni körpü, eyni hal. Yeganə təsəlli isə bu dəfə yıxılan şəxsin həyatda qalması idi.
 
Xatırlayırsınızsa, 17 yaşlıların Avropa Çempionatının açılış matçından (Azərbaycan – Portuqaliya) əvvəl də eyni hal yaşanmışdı, 18 yaşlı Orxan Həsənov yerindəcə keçinmişdi. Stadiona gedən yolu yox, ömrü qısaldan körpünün budəfəki qurbanı Nahid Zahidov oldu.
 
Dünən yayılan məlumatda hazırda Sabunçu rayonu 3 nömrəli xəstəxananın reanimasya şöbəsində yatan xəstənin bütün xərclərinin AFFA tərəfindən ödənildiyi deyilsə də, bu gün məlumat Zahidovun qohumları tərəfindən təkzib olundu. Bununla yanaşı, zərəçəkənin yaxın qohumlarından birindən xoş xəbər aldıq: "Nahid ayılıb, az da olsa, özünə gəlib”.
 
Elə bu sevindirici xəbərin izinə düşüb, iş yoldaşım Asəflə (Zeynallı) sözügdedən xəstəxanaya yola düşdük. Köhnə pilləkənlərlə 3-cü mərtəbəyə - reanimasya şöbəsinin qarşına qalxdıqca adamı qəribə bir hiss bürüyür. Mənim üçün reanimasiya şöbəsinə gedən yol məzara gedən yoldan da qorxuncdu. Və bu xəstəxana da "3 nömrəli”disə… Şöbənin qapısına çatanda ətrafda 30-35 nəfər ümidlə xoş xəbər gözləyirdi. Qapının ağzında tibb bacısına nə üçün gəldiyimizi bildirdim, o isə kütlənin olduğu yerdə xəstənin atasını yüksək səslə çağırıb, aləmi bir-birinə qatdı. Sən demə, ağlamaqdan gözünün suyu quruyan anası olmaqla, hamı Nahidin yaxınları imiş. Bir anlıq hər kəs təşvişə düşdü, elə düşündülər ki, cavan oğlana nəsə olub.
 
Düzü, bu vəziyyətin yaranmasına görə utandım. Yalnız vəziyyəti izah edib, nə üçün gəldiyimizi bildirdikdən sonra sakitçilik yarandı. Babası ilə ayaqüstü söhbətdən sonra atası Hafiz Zahidov yanımıza gəldi. Onunla bir az söhbətləşib, xəstənin vəziyyəti ilə maraqlandıq: "Vəziyyəti hələ ki, ağırdı. Dünən bir az özünə gəlmişdi, yanına girmək üçün icazə verildi. Bu gün yenə vəziyyəti pisləşib, qızdırması var. Həkimlərin dediyinə görə, belə vəziyyətdə normal haldı. Rezin boru ilə nəfəs alır. Gözünü açsa da, hələ ki, danışa bilmir. Həkimlərin dediyinə görə, 2 gün sonra nəsə danışmaq olacaq”.
 
Maraqlıdı, bəs, görəsən AFFA tərəfindən Nahidin bütün xərclərinin qarşılanması ilə bağlı yayılan məlumatlar nə dərəcədə həqiqəti əks etdirir? "Saytlar məlumat yazır ki, guya bizə AFFA-dan yardım edilib. Düzü, mən hadisə olan gündən burdayam. Saytları oxumağa vaxtım yoxdu, bu xəbərləri də dost-tanışdan eşitmişəm. Hələ ki, belə bir şey olmayıb. Yalnız AFFA-nın həkimi gəlib, baş çəkib və nəyə ehtiyacımızın olub-olmadığı ilə maraqlanıb. Bura onsuz da dövlət xəstəxanasıdı, hər şey pulsuzdu. Nə xərcimiz çıxırsa, hamısı "levi"di, onu da özümüz qarşılamışıq. Bunun da hesabı-kitabı olmur.
 
Həkimlər də sağ olsun, əlindən gələni ediblər. Yeganə istəyim oğlumun tez müddətdə sağalıb, ayağa qalxmasıdı". Hafiz bəylə bu qədər söhbət bəs edərdi. Onsuz da 2 gündü yuxusuz olan atanı tək oğlununun başına gələnlər yetərincə üzüb, yarasını bir az da biz qoparmayaq. Sağlıq olsun, söhbətimizin davamını elə Nahidin özü ilə edərik, təki o sağalsın.
 
ELMAR ABDULLA-ZADƏ, futbolinfo.az
 
P.S.: Son anda əldə etdiyimiz məlumata görə, çanaq sümüyndəki problemlərə görə Nahid daha bir cərrahiyyə əməliyyatına məruz qalacaq. P.P.S.: Görəsən, atanın dediklərinə inanaq, yoxsa israrla bütün xərcləri üzərlərinə götürdüklərini deyən AFFA rəsmilərinə?
OXŞAR XƏBƏRLƏR