Rəsmi Bakı Rusiya tərəfinin təşəbbüsü ilə Kazanda baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin göruşu zamanı Qarabağ münaqişəsi üzrə nizamlanmanın əsas prinsiplərinə dair anlaşmanın əldə olunmaması səbəblərinə aydınlıq gətirib.
Danışıqlarda iştirak edən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə açıqlamasında sazişin imzalanmamasında Ermənistanın tutduğu mövqeni əsas səbəb kimi gətirib.
“Danışıqlar prosesi mürəkkəb komponentlərlə gedir. Lakin bir nəticə kimi müsbət qiymətləndirmək olar. Yəni bu görüş zamanı çox çətin aparılan müzakirələr içərisində hər halda müəyyən məsələlərlə bağlı mövqelərdə bir yaxınlaşma hiss olunur. Bu ümumiyyətlə görüşə verilən qiymətdir. Buna görə də prezidentlər orda bir daha razılaşdırlar ki, danışıqları davam etdirsinlər”, - deyə Novruz Məmmədov bildirib.
Şöbə müdiri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyannın Kazan görüşünün həlledici olmamasına əsas səbəbi kimi Azərbaycanın dəyişiklik təklif etməsini göstərməsi və Bakının ATƏT-in Minsk qrupunun təklif etdiyi əsas prinsiplərin son variantını qəbul etməyə hazır olmamasına dair bəyanatını da şərh edib.
“Belə danışıqlardan sonra Ermənistan xarici işlər nazirinin o cür bəyanat verməsi, bir daha göstərdi ki, Nalbandyan və yaxud Ermənistan rəhbərliyi əvvəlki kimi öz məkirli təbliğat üsulundan əl çəkmək niyyətində deyillər və o, kiçik bəyanatında yenə də özlərinin atdığı addımları bir daha Azərbaycanın üzərinə qoyaraq, yəni Azərbaycana böhtan ataraq həm beynəlxalq ictimaiyyəti, həm də region ictimaiyyətini çaşdırır və aldadırlar”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.