Novruz Məmmədov: Dünyada beynəlxalq hüquq böhranı hökm sürür

SİYASƏT
17:21 02.09.2013
1392

Azərbaycan Şərqdə ilk demokratik respublika qurmuş dövlətdir və bunun özü beynəlxalq aləmə bir mesajdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Dəyişən dünyada Cənubi Qafqaz” ikinci forumunda çıxışı zamanı deyib.O bildirib ki, iki il ərzində Azərbaycan Demokratik Respublikası böyük fundamental addımlar atıb, qadınlara səsvermə hüququ verib. Şərqdə ilk opera yaradıb:“Bütün bunlar onu göstərir ki, xalqımız həm mədəni, həm siyasi cəhətdən öz inkişafını təmin etməyə qadirdir.Azərbaycanda multikulturalizmin qədim tarixindən söz açan N.Məmmədov deyib ki, burada müxtəlif dinlərin nümayəndələri tarixən bərabər şəkildə yaşayıb.“Bunu ona görə deyirəm ki, 21-ci əsrdə ən çox inkişaf etmiş dövlətlərdə belə bu məsələ ilə bağlı problemlər müşahidə edirik”.N.Məmmədov qeyd edib ki, Azərbaycan yenidən müstəqilik qazandıqdan sonra ölkə rəhbərliyi dövlətimizin inkişafı üçün bütün addımları atıb:“Cənubi Qafqaz çox mürəkkəb regionlardan biridir. Lakin Azərbaycan rəhbərliyinin əsas vəzifəsi o olub ki, regionda sülh, sabitlik, təhlükəsizlik olsun.Bu gün Azərbaycan çox böyük yardıma ehtiyacı olan dövlətdən donor dövlətə çevrilib, müxtəlif ölkələrə yardımlar edir, investisiyalar qoyur.Ölkəmiz böyük siyasi, mədəni, iqtisadi uğurlar əldə edib. İdman sahəsində də böyük nailiyyətlər var və 2015-ci ildə ilk dəfə Avropa Olimpiya Oyunlarını təşkil edəcək. Bu gün ölkədə mətbuatın inkişafı sahəsində də böyük işlər görülüb”.PA rəsmisi Azərbaycanın kosmik ölkələr sırasına daxil olduğunu və bu sahədə missiyasını uğurla davam etdirdiyini deyib.O xatırladıb ki, ölkə əhalisinin 65 faizi internetdən istifadə edir, 100 nəfərə 20 kompüter düşür. Gündəlik Facebook-dan 1 milyon insan istifadə edir.O deyib ki, siyasi sahədə aparılan islahatlar da öz nəticəsini verib, ölkədə 55 partiya fəaliyyət göstərir, parlamentdə 11 partiyanın nümayəndələri təmsil olunur:“Azərbaycan QHT sektoru sahəsində də irəlidə gedən dövlətdir, ölkədə 2800-dən artıq QHT var”.İqtisadi sahədəki inkişafdan danışan N.Məmmədov deyib ki, son on il ərzində ÜDM 3,4 dəfə artıb, beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf etmiş ölkələr içərisində görür:“Ölkədə son illər ərzində 1 milyon 200 min iş yeri açılıb. Son illərdə enerji təhlükəsizliyi dünyanın ən mühüm məsələlərindən birinə çevrilib.Azərbaycanın enerji sahəsində reallaşdırdığı kəmərlər Avropa və Asiya ölkələri ilə əməkdaşlıqda böyük uğurlar qazanıb. Bu layihələrin reallaşdırılması tərəfdaşlarımızın dəstəyi ilə olub. Amma onların həyata keçirilməsində əsas rolu Azərbaycan oynayıb”.O deyib ki, inkişafın istiqaməti gələcəyə yönəlib.Xarici siyasətdən söz açan N.Məmmədov deyib ki, Azərbaycanın bu sahədə əsas prinsipi qonşularla sıx dostluq münasibətlərini, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir:“Azərbaycan bu gün bu sahədə vəzifəsini yerinə yetirir, ölkəmizin xaricdə 57 səfirliyi, 20 missiyası, 10 baş konsulluğu fəaliyyət göstərir. Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvüdür”.Dağlıq Qarabağ münaqişəsindən danışan N.Məmmədov deyib ki, münaqişə tərəfləri arasında atəşkəs rejiminin əməl olunması ilə bağlı sənəd imzalanıb. O bildirib ki, beynəlxalq aləmdə gedən proseslərə bu məsələ üzrə nəzər yetirmək lazımdır:“Düşünürəm ki, dünyada daha bir böhran hökm sürür və mahiyyətinə görə daha vacibdir. Bu, beynəlxalq hüquq böhranıdır. Qətiyyətlə demək olar ki, bu böhran var və o digər böhranların yaranmasına səbəb olur, amma bu böhranı heç kim etiraf etmək istəmir.Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe görə bilmirik. Torpaqlarımızın 20 faizi işğal altındadır. Avropa İttifaqı, ATƏT, NATO ilə uğurlu əməkdaşlığımıza baxmayaraq, onlar beş il əvvəl qəbul etdikləri sənədi etiraf etmək, tanımaq istəmirlər.Bu əslində beynəlxalq hüquq böhranının nümayişidir”.

OXŞAR XƏBƏRLƏR