‘Novruzu Yasin’ – KÖŞƏ

‘Novruzu Yasin’ – KÖŞƏ
KÖŞƏ
14:40 29.03.2012
1779

Şəbnəm Xeyrulla

(Gündəlik-Bakı)

Arxada qalan bayram günlərində qarşılaşdıqlarım haqqında yazmaq istəyirəm. Daha doğrusu, Novruzun ən gözəl adətlərindən olan qəbr ziyarəti haqqında. Mən də bayram günlərində babamla birlikdə qəsəbəmizdəki qəbristana gedib, dünyasını dəyişmiş qohumlarımın məzarını ziyarət etdim.

Həmin gün qəbristanlıqda ən çox rastıma çıxanlar balaca uşaqlar, əlində bir kitab tutub başına buxara papaq qoymuş kişilər və örpək bağlamış qadınlar idi. Bizi görən kimi sadalananların hər biri bayramımızı təbrik etməyə, ölənlərimizə rəhmət oxumağa başlayırdı. Bu isti münasibət əvvəlcə xoşuma gəlsə də, bir azdan bezdirməyə başladı. Çünki təbrik və alqışlardan sonra gələn sual bu xoş münasibətin əsl səbəbini başa salırdı. Addımbaşı balaca uşaqlardan eşitdiyim "Qəbri, ətrafını təmizləmək lazım deyil ki", böyüklərin isə "Yasin" oxumaq lazımdır" sualları bu dünyada təmənnasız təbrikin belə olmadığını düşünməyə əsas verirdi. Bəli, bir neçə gün ərzində qəbristanlıq əsl gəlir mənbəyinə çevrilmişdi. Balacasından böyüyünə kimi hərə bir yolla bayramdan yararlanmağa çalışırdı.

Elə orada babamdan eşitdiyim və şahidi olduğum bir neçə əhvalat insanların qazanc naminə müqəddəs dəyərlərə qoyduğu hörməti mənim üçün bir daha açıqladı. Bilirdim ki, babam da hansısa mollaya "Yasin" oxutduracaq. Amma qarşısına çıxıb "Yasin" oxumağı təklif edən əksər əli kitablılara "yox, lazım deyil" deməsi məni çaşdırırdı. Ondan niyə belə etdiyini soruşanda "sən bir kənardan onların başqa məzarlar üzərində kitab oxumasına və dualar etməsinə fikir ver" dedi. Sonra da mənə başa saldı ki, "Yasin" heç də onların oxuduğu qədər qısa surə deyil. Sən demə, həmin mollalar bayram günü çox qazansın deyə, müqəddəs kəlamları belə, qısaltmaqla məşğul olurlar. Axı kimdir ərəb dilini bilən ki, onlara etiraz da eləsin. Hətta mollaların öz aralarında bu cür qısaldılmış surəyə verdiyi ad da var imiş: "Novruzu"!

Daha sonra babam məzar başında qara örtüklü, əlindəki kitabdan çox güman "Yasin" oxuyan qadını göstərib dedi ki, bayram günü olmasaydı, qadını elə, ziyarətə gələnlərin arasında utandırardı. Ondan niyə belə dediyini soruşanda məndən qiblənin hansı istiqamətdə olduğunu göstərməyimi istədi. Əlimlə qibləni göstərəndə babam dedi: "Bax, həmin qadın arxasını qibləyə çevirib "Quran" oxuyur. Bu isə heç bir qaydaya sığmır. Görünür, o qədər tələsir ki, hətta belə şeylərə də əhəmiyyət vermir."

Qəbristanlıqda diqqətimi çəkən başqa bir məqam isə məzarların üzərinə qoyulan Novruz şirniyyatları oldu. İndiyə qədər mən belə adətin əleyhinə idim, düşünürdüm ki, bu, bütpərəstlikdən qalma bir adətdir. Axı qəbrin üzərinə qoyulmuş qoğal dünyasını dəyişmiş şəxsin nəyinə gərəkdir? Lakin məzarı ziyarət edən insanlar gedəndən sonra dilənçilərin, balaca uşaqların həmin qoğalları necə tələskənliklə yığıb, iştahla yediyini görəndən sonra bunun da savab olduğunu başa düşdüm.

Vasitənin nə olmasından asılı olmayaraq yalnız savab qazanmaq üçün çalışmaq lazımdır. Pul qazanmaq üçün isə halal yollar çoxdur. Və bu yollara müqəddəs "Qurani-Kərim"in kəlamlarını təhrif etmək daxil deyil!

OXŞAR XƏBƏRLƏR