Türkiyənin paytaxtı Ankarada bəzi azərbaycanlı tələbələr nurçulara aid olan evlərdən çıxarılıb.
Bu barədə AZXEBER.COM-a Türkiyədə oxuyan tələbələr məlumat verib. Onlar, son günlər Azərbaycanda nurçulara qarşı aparılan mübarizənin Türkiyədəki Gülənçilər tərəfindən birmənalı qarşılanmadığını yazıblar. Belə ki, bəzi azərbaycanlı tələbələrə məhz bu hadisələrə görə nurçular tərəfindən təzyiqlər olunaraq onların üzərinə “agent” damğası vurulub.Tələbələrdən biri yazır:
“Mən Ankarada oxuyuram. Burada nurçulara məxsus evdə qalırdım. Azərbaycanda nurçulara qarşı başladılan mübarizə onların buradakı nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Artıq onlar biz azərbaycanlı tələbələri təhqir edir, evlərindən qovurlar. Ötən gecə məni də qaldığım evdən çıxardıb, adımıza “agent” damğası vurdular”.