Suala cavab verməməklə, o, bu iddiaları təsdiq edir, yoxsa…
Bu gün bir sıra xəbər portallarında “Kredo Bank”ın fəaliyyəti ilə bağlı tənqidi yazılar dərc edilib. “Kredo Bank”ın qüsurlu fəaliyyəti, müştəriləri aldatması ilə bağlı məqamların əksini tapdığı məqalələrdə iddia olunur ki, bankın Müşahidə Şurasının sədri Müşviq Vəkilovun Türkiyədə və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Gülən camaatı və nurçularla sıx əlaqələri var.
Bununla bağlı “Təzadlar” qəzetinə müraciət edən bankın keçmiş əməkdaşı R.Səlimovun məktubunun bir hissəsini oxucuların da marağını nəzərə alaraq, təqdim edirik: “Mən Müşfiq Vəkilovu yaxşı tanıyıram. Onun Türkiyəyə tez-tez getməsini bankda hamı bilir. Onun nurçularla, Fətullah Gülənin adamları ilə Türkiyədə müntəzəm şübhəli görüşləri barədə məlumatlar araşdırılmalıdır. Bankda da onun yanına gələnlərin əksəriyyəti nurçuların Bakıdakı emissarları olardı. Son vaxtlara kimi onun adı nurçularla birgə əməkdaşlıqda çəkilən bəzi tanınmışların Müşfiq Vəkilovla tez-tez görüşməsini, Müşfiq Vəkilovun onların adını həmişə fəxrlə çəkməsini bankda çoxları bilir… Ona görə də bu məsələyə aydınlıq gətirilməli və lazımi tədbirlər görülməlidir…”
Editor.az haqqında yayılan ittihamlara aydınlıq gətirmək məqsədilə “Kredo bank”ın Müşahidə Şurasının sədri Müşviq Vəkilovla əlaqə saxlamaq üçün bankın baş ofisi ilə əlaqə saxlayıb.
Jurnalist olduğumuzu bilən bank qeydiyyatçısı əvvəlcə bizə elektron formada müraciət etməyi təklif edib. İsrarlı təkidimizdən sonra bank rəhbərliyi ilə əlaqə yaradıb və hazırda bankda heç kimin olmadığını bildirib. Bizə isə sonra zəng etməyi tövsiyyə edib. Ciddi-cəhdlə adını gizli saxlayan xanımın “Bizdə ictimai əlaqələrlə heç kim məşğul olmur” deməsi isə çox qaranlıq mətləblərdən xəbər verir.
Hər halda nurçuluqda ittiham olunan bank rəhbərliyinin bununla bağlı suala cavab verməməsi hansı anlama gəlir? – Bu nurçu iddialarının təsdiqidirmi? sualına biz yox, oxucular və müvafiq dövlət qurumları cavab versə, daha yaxşı olar.
Mənbə: Editor.az