07:23 Bazar Ertəsi, 19 Avqust 2019
SOSİAL

Nuridə Allahyarova: "Qadın çox vaxt hisslərinə qurban gedir, ancaq kişilər heç vaxt"

11:28, 15.07.20195690
Nuridə Allahyarova:
 AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovadır.

- Müsahibəyə ənənəvi sualla başlamaq istərdim. Nuridə Allahyarova kimdir? 

- Qısa desək adım Nuridə, soyadım Allahyarova. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiriyəm. Sıravi azərbaycaycanlı. Bəzən özün haqda məlumat verin deyəndə mənə elə maraqlı gəlir ki, insan özü haqda nə deyə bilər? 

1982-ci ildə Bakıda dünyaya gəlmişəm. Uşaqlığım SSRİ-nin dağıldığı və ikinci dəfə Azərbaycanın müstəqilliyə qovuşduğu dönəmə düşüb. Müharibənin ortasında olmuşuq, ancaq müharibənin acısını Qarabağlı uşaqlar kimi hiss etməmişəm. Çünki paytaxt uşaqları müharibəni gördüyü kadrlardan, eşitdiklərindən və paytaxtda qonşu evlərinə gələn şəhid "bədənlərindən” hiss edirdi.  Ancaq sözsüz ki, müharibə uşağıyıq biz də. 
 

 

- Bəs məktəb və tələbəlik illəriniz yaddaşınızda necə qalıb?

- Mənim çox maraqlı orta məktəb tarixçəm var. Təhsilimə 30 nömrəli məktəbdə başlamışam, sonra 246 saylı məktəbdə, sonda isə 135 və 83 saylı məktəbdə aldığım təhsillə orta məktəbi bitirmişəm. Bu qədər məktəb dəyişməyimə səbəb anamın ən yaxşı məktəb axtarışı olub. Bunlar anamın məndən yüksək səviyyəli qadın obrazı yaratmaq cəhdlərinin nəticəsi idi.  Sonda anam dedi ki, sən həkim olmalısan. Bəlkə də olmaq istəmədiyim yeganə peşəni anam mənim üçün seçmişdi. Münasibətim həkim peşəsinə deyildi, canın ağrısına və qana olan münasibətdən gedirdi. Son olaraq mən deyən oldu və həkim olmadım (gülür). 

Hamıdan gizli Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinə qəbul oldum. Magistr təhsili aldığım dönəmdə isə ilk işimə başladım.  Rəhmətlik Əminə Əliyeva  universitet illərimdə alman və fransız dilləri kafedrasının müdiri idi. Fakültəmiz alman dili təmayülli idi. Ancaq mən alman dilini heç oxumurdum. Heç həvəsim də yox idi. Müəlliməm "sən bu dili öyrənəcəksən” deyib məni işə götürdü və mən başladım alman dilinin ilkin mərhələsindən dərs deməyə. 7 ilə yaxın elə Bakı Dövlət Universitetində böyüdüm. Eyni zamanda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanın xarici siyasəti”, "Beynəlxalq münasibətlər tarixi” fənnindən dərs deməyə başladım. Mən niyə istəmədiyim hər şeyi yaşamışam onu da bilmirəm. Bir zamanlar anamın təkidi ilə liseydə oxudum, daha sonra isə xətrini çox istədiyim müəllimimin təkidi ilə universitetdə dərs dedim. Mənim həmyaşıdlarım Sovet ənənəvi tərbiyəsi ilə müstəqillik dövrünün azadlıq, üsyankar ruhu arasındakı keçid dövrünü yaşadıqları üçün bəlkə də, hələ də "böyüyün sözündə haqq var” deyiminə görə belə edirdim, amma üsyan ruhum sonda qələbəsini çaldı.

- Jurnalistikaya necə gəldiniz?

- Bir dəfə Azərbaycan Dövlət Televiziyasının qarşısından keçəndə müsabiqə elanı gördüm. Müsabiqəyə qatıldım və alındı. Bir müddət Azərbaycan Dövlət Televiziyasında işləməyə başladım. O zaman müsabiqəni rəhmətlik Rafiq Hüseynov götürmüşdü. "Sən müəllif verlişlərində olmalısan” dedi və sırf dahi Rafiq Hüseynov dedi deyə məhz "Müəllif verlişləri” departamentində davam etdim. Rəhbərim Qulu Məhərrəmli idi. Ancaq burada da özümü tam tapa bilmədim. Mən tam olaraq efir və televiziya adamı deyiləm. Efir senzura sevir, mənim isə o dövrki ruh halım senzuraya bağlı idi (gülür). Mən jurnalist ola bilmədim. Bu iddiam Zərdabinin ruhuna hörmətsizlik olardı. Jurnalist ofisdə oturmamalıdır. Onun bir missiyası var və o laməkandır. Onun tutduğu tərəf də olmamalıdır. Onun obyektivi olmalıdır öz gözündə, öz vicdanında. 
 

 


- Daha sonra isə məmur olduz. Vergilər Nazirliyində işlədiz...

- Vergilər Nazirliyində işləməyimin isə çox maraqlı tarixçəsi var. Bir gün Hüseyn Cavid bağında oturmuşdum. Təsadüfən ora gələn rütbəli qadınları gördüm. Düşündüm ki, bəlkə elə mənim əsl yerim budur? Təkidlə nazirliyə nə zaman imtahan veriləcəyi tarixi öyrənib vergi məcəlləsi və qanunvericiliyi öyrənməyə başladım. Mənə tam yad olan səhədə imtahan verib imtahandan keçdim. Bəlkə də bu qədər tez-tez dəyişdirdiyim iş yerlərinin birində büdrəsəydim "tamam, dur”  deyib bir yerdə dayanardım. Ancaq belə olmadı (gülür). 

Vergilər Nazirliyində çalışmağa başladım. Vergilər Nazirliyində "bu  mənim son iş yerimdir” dedim özümə. Çünki daim insanlarla ünsiyyətdə idim. Bu mənim üçün hər şey idi. İş həyatımın ən xoş illəri tam səmimiyyətimlə deyim ki, Vergilər Nazirliyində keçib. 
 

 

- Ancaq orda da çox qalmadız...

- Vergilər Nazirliyi tam mənim yerimdir dediyim anda Binəqədi Rayon İcra Hakimiyyətindən iş təklifi aldım. Düşündüm ki, dayanmaq zamanı deyil irəli getmək lazımdır. Binəqədi rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri təyin olundum. Düşünürəm ki, ora mənim üçün məmurluq məktəbi oldu. Məmur –səbrli, dözümlü olmalı, hər insanın problemini özününüki kimi qəbul etməlidir, məmur yeri gələndə vətəndaşın iradı subyektiv olsa belə susmağı bacarmalıdır, məmur vicdanına sığınmalıdır, güclü olmalıdır. Mən bir az səbrsiz və emosional insanam. Binəqədi RİH mənə səbrli və güclü olmağı öyrətdi. Amma məmur ola bildimmi, onu bilmirəm (gülür)
 

 


- Sonra da keçdiz nəqliyyat sistəminə...

- Binəqədi RİH-də işdən iki aya yaxın idi ayrılmışdım. Bir qədər istirahətə ehtiyacım vardı. Bəlkə də 19 yaşımdan dayanmadan işlədiyim üçün qismən yorğun idim. Bakıya o vaxt çox gözəl qırmızı avtobuslar gətirilmişdi. Başladım avtobuslarla maraqlanmağa. Və "BakuBus” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq davam etdim. Daha sonra Bakı Nəqliyyat Agentliyi yarandı və qurumun hazırki rəhbəri tərəfindən ora dəvət olundum. Dəvəti qəbul edib orda işləməyə başladım. Növbəti dayanacaq Dövlət Avtomobil Nəqliyyat Xidməti oldu və hazırda işimi burada davam etdirirəm.

- Bizim rubrika "uğurlu qadın” adlanır. Özünüzü uğurlu qadın hesab edirsiniz? 

İlk olaraq müəyyənləşdirək ki, qadın nə istəyir? Qadın uğur istəyirmi? Əgər uğurlu qadın – işində uğurlu, cəmiyyətdə qəbul edilən və gözəl ailəyə sahib qadın şablonudursa, bəli o zaman  mən uğurlu qadınam. Bir məqamı qeyd edim. Mən sıravi orta statistik azərbaycanlı ailəsindənəm. Uşaqlığım bizim dövrün uşaqlarının 70 faizi kimi "gördüyün hər şeyi istəmək olmaz” vetoları, "böyük adam olmaq üçün çox oxumalısan” şüarı və arzularına qoyulan saysız embarqolarla keçib. Və mənim karyeramdakı görünən uğurun 90 faizini ailəmin üzərimdəki əziyyətinə və dövlətimin dəstəyi kimi dəyərləndirirəm. Orta statistik azərbaycanlı qadın olaraq mən uğuruma görə dostluqlara, qohumlara, maddi təminata deyil, dövlətimə borcluyam. İnanın bu pafos deyil. Bütün arzularım bu dövlət daxilində reallaşıb mənim!
 

 

- İşlədiyiniz qurumlarda kişilər çoxluq təşkil edib. Sizcə kişilərə güvənmək olar?

- Əlbəttə, olar. Kişilər çox güclü olmaqla yanaşı sözləri də bütovdür. Kişilərə etibar edib, söykənmək olar. Onlar çox yaxşı dost olurlar. Kişilər çox nadir hallarda insanı satırlar. Qadın çox vaxt hislərinə qurban gedir, ancaq kişi heç vaxt. Kişilərdə paxıllıq da çox az olur. Ancaq qadınlar yaxşı olan bir şeyə paxıllıq edə bilər, içi mən qarışıq. Söhbət məsum paxıllıqdan gedir (gülür)
 


- Kişilərə rəhbərlik etmək necə hissdir?  

- Qadınlarla daha çətindir. Həm qadın rəhbərlərlə, həm də qadın əməkdaşlarla. Kişilərə hər hansı işlə bağlı tapşırıq verdiyin an o heç nə demədən işinin icrasına başlayar. Ancaq qadın mütləq hər tapşırıqda bir səs tonu, bir səbəb, bir arqument axtarmalıdır. İndiyə qədər çalışdığım heç bir əməkdaş onlara qarşı "müdirlik” etdiyimi iddia edə bilməz. Mənim üçün verilən tapşırıq var, o tapşırığın icrası üçün komanda ilə işləmək vərdişi var. Biz bir işi birgə icra edirik. Bilirsiniz nə ilə bağlıdır bu? Mən heç bir rəhbərimdən özümə qarşı despotik davranış görməmişəm. Belə bir kompleksim olmadığı üçün, tətbiq edəcəyim pis vərdişim də yoxdur. 
 

 


- Kişi və qadın işçiləriniz arasında fərq qoyursunuz?

- Bəli, onu edirəm (gülür). Çünki qadın işçilər ilə hər gün rahat haradasa gedib oturub çay içib, çörək yeyə bilirəm. Ancaq kişilərlə bunu etmirəm. Əsas odur ki, işini vicdanla görsün. Əgər bu varsa, problem olmur.

- Belə bir ifadə var ki, "fılankəs kişi kimi qadındır”. Bunu qəbul edirsiniz?

- Feminist olduğum üçün bu ifadəni heç vaxt qəbul etmirəm. Ancaq hər evdə bir kişi olmalıdır, bu mütləq deyil ki, sənin həyat yoldaşın olsun. Bu sənin atan, qardaşın və ya sənə doğma olan biri də ola bilər. Düşünürəm ki, bir evi idarə edən və onun sözündən çıxmayacağın bir kişi olmalıdır. Düzdür, feministlər bunu qəbul etmir. Ancaq mən qəbul edirəm. Qadının üzərində olan mənəvi yük hər şeydən ağırdır. Ancaq kişilərdə belə deyil. Bütün anaları "yaxşı ana” olmağa məhkum ediblər. Ancaq heç bir atanı "yaxşı ata” olmadığı üçün mühakimə etməyiblər. Atanın laqeydliyi heç bir zaman problem olmur. Məhz buna görə də "kişi kimi qadın” ifadəsini kişilərə böyük şərəf bilərdim və qadını heç vaxt bu şablonun tərəfi kimi görməmişəm. Qadın mükəmməl olmaq üçün ömür boyu çabalamalıdır. Qadına heç bir səhvi bağışlanmır. Qadının əlindən guya sözdə ağır bir yükü-fiziki işi alıb-onun çiyinlərinə bütün dünyanın mənəvi yükünü yükləyiblər. Qadın zatən güclüdür. Kişi kimi deyil, qadın kimi güclüdür. 
 

 

- Qız uşaqları atalarına daha düşkün olurlar. Atanızın sizin həyatınızda yeri nədir?

- Atam həyatımda çox önəmli insandır. Ənənəvi Azərbaycan ailəsinin nümayəndəsi olsam da, ancaq mən ailədə tamamilə fərqli düşünən biri olmuşam. Mənim üçün həyatda ən önəmli şey azadlığımdır. Azadlığı da mənə atam verib. Anam daha basqın xarakterlidir, bir şeyə olmaz dedisə, demək olmaz. Ancaq atam olmazlarını heç vaxt uzun, silsilə, ucadan səslənən sözlərlə ifadə etməyib. Onun olmazlarını gözündən oxuya bilmişəm. Hər zaman bilirəm ki, hər hansı etdiyim səhvə görə sığına biləcəyim biri var. Mən 37 yaşımda etdiyim yanlışı atamın qulağına pıçıldayıb deyə bilirəm. Mən heç vaxt atamdan bu filmə baxmaq olmaz, bu kitabı oxumaq olmaz, bu əsər qadağandır sözünü eşitməmişəm. Ancaq anamdan mütəmadi eşitmişəm. "5 mərtəbəli evin 6-cı mərtəbəsi”ni gizlin oxuyan uşaq olmuşam. Anam məni həyətdən evə çağırmaq üçün eyvandan adımı səsləndirəndə, qonşu uşaqlarının hamısı mən qarışıq evə gedirdi qorxudan (gülür). Atamın "yox”ları yox idi, ancaq müəyyən qaydaları var idi ki, mən də onları bilirdim və etmirdim. Bir qızın güclü qadın kimi yetişməsi üçün onun arxasında mənəvi cəhətdən güclü olan atası durmalıdır. 
 

 


- Övladınız olarsa, atanızın sizə verdiyi özgüvəni ana olaraq verərsiniz yoxsa ananız kimi qadağalar qoyardınız?

- Bəlkə də ana olmadığım üçün bu haqda danışmaq mənə düşməz, ancaq mənə görə analıq uşaqla axşama qədər vaxt keçirib, onu qucaqda gəzdirmək deyil. Bunların hamısını anam mənim üçün edib, işindən mənə görə imtina edib, ideallarından mənə görə vaz keçib, xəyallarına mənə görə süngər çəkib. Məni böyütmək üçün. Bununla razıyammı? Qətiyyən. Anaların övlad üçün cəmiyyətdəki qadın rolunu deformasiyaya uğradıb, özlərini "ana” olmaqla məhdudlaşdırmalarını və bunu ancaq məişət sərhədləri daxilində etmələrini heç öz anama da bağışlamıram. Elə ona görə də "kişi kimi qadın” deyimləri baş alıb gedib. Övlada xoşbəxt olmağın 3 qaydasını aşılaya bilməklə onun bu dünyaya vəsiqəsini vermiş olursunuz. Ən əsası təhsil verməklə, daha sonra ambisiyalarına yox-ideallarına sadiq olmağı öyrətməklə və sevgini aşılamaqla.  
 

 


- Belə bir deyim də var ki, bir qadın üçün ən önəmli vəzifə analıqdır...

- Ana olmadığım üçün ən gözəl hiss olduğunu deyə bilmərəm. Ancaq qadına özgüvən verən bir hissdir deyə bilərəm. Xüsusilə də Şərqdə və daha da basqın məhz bizim məmləkətdə. Çünki bir qadın əməkdaş olaraq da əvəz edilə bilər, bir kişinin xanımı olaraq da əvəz edilir təəssüf ki. Ancaq qadın anadırsa, onun körpə üzərindəki dominantlığı ömrünün sonuna qədər onu əlahiddə vəzifə daşıyıcısı edir. 37 yaşım olmasına baxmayaq, hələ də 64 yaşlı anama zəng edib, ondan məsləhət alıram. Qadın özünü ailəsində və övladının yanında xoşbəxt hiss edir. Ailə vacib institutdur, onu heç bir modern cəmiyyət öz xoşuna aşılamamalıdır. 
 

 

- Şəxsi həyatınızda xoşbəxtsiz?

- Bəli, mən çox xoşbəxt qadınam. Şəxsi həyatda uğur bilirsiniz nədir? Əgər insan özü-özü ilə xoşbəxt ola bilirsə, bu onun şəxsi həyatının uğuru deməkdir. Mən həyatımda önəmli rolu olan insanların, rəfiqələrimin və dostlarımın seçimində heç vaxt pesman olmamışam və bu məni xoşbəxt edir. 

 

 


- Həyat yoldaşınızdan ayrılmısız….

- Ayrılmaq da həyatın bir üzüdür. İstər şəxsi həyatda, istərsə də işdə insan müəyyən bir missiyanı həyata keçirir. Müəyyən bir vaxtdan sonra bu missiyanı, ya mən, ya da qarşındakı insan bitirə bilər. Ancaq o missiyaya qədərki dönəmin üzərindən heç vaxt xətt çəkə bilmirsən. Mən ayrılsam da, sosial şəbəkə hesabımdan belə 2011-ci ildən bu günə qədər paylaşdığım heç nəyi silməmişəm. Çünki mən ömrümün hər gününü Allahdan hədiyyə kimi qəbul etmişəm.

 

 

- Müsahibələrinizin birində demisiz ki, evdə Şahin bəylə ancaq işlə bağlı danışırsız. Bəs indi evdə kiminlə və nə haqda danışırsınız?

- Şahin bəylə indi də danışıram (gülür). Şahin çox yaxşı, mərd,  vicdanlı, kövrək və humanist insandır. Yaxşı insan olmaqla yanaşı həm də çox fədakar atadır. Çox ağıllı əməkdaşdır. Mən hətta deyerdim ki, qədri bilinməli kadrdır. Suala gəlincə isə mən özümlə danışmağı bacaran və özümlə xoşbəxt olan qadınam. Mən bağlı qapılar arxasında da kifayət qədər xoşbəxtəm.

- Səmimi müsahibəyə təşəkkür edirik.

- Mən də sizə maraqlı suallara görə təşəkkür edirəm...
 
Günel Hüseynli,
AZXEBER.COM

XƏBƏR LENTİ