15:00 Cümə Axşamı, 14 Noyabr 2019
SOSİAL

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEO MÜSAHİBƏ

17:38, 19.08.20196430
Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEO MÜSAHİBƏ
 AZXEBER.COM-un "Uğurlu qadın” rubrikasının qonağı millət vəkili Qənirə Paşayevadır.
 
- Təqdimata ehtiyacı olmayan Qənirə Paşayeva. Sizi Azərbaycanda tanımayan insan yoxdur. Bəs özünüz özünüzü necə təqdim edərdiz?

- Təbii ki, hər bir insan istəyir ki, gözəl nitqi olsun, gözəl çıxış etsin. Bir gün atam mənə bir sual verdi ki, "qızım bilirsənmi ən təsirli dil hansıdır?”. Baxdım üzünə cavab verə bilmədim. Mənə cavab verdi ki, ən gözəl dil səmimiyyətdir. Çalış hər zaman səmimi ol və insanlarla münasibətlərdə rola girmə. Necə varsansa, elə ol. Çünki insanlar o səmimiyyəti daha tez anlayırlar. Rola girməyi, süniliyi də hiss edirlər. Mənə deyiblər ki, hər zaman sevgini bol et və sevgini ətrafindakılara verməyə çalış. İlk öncə sən sevgini verməyi bacarmalısan ki, başqalarından da o sevgini görüb ala biləsən. Mənim düşüncəmə görə  insanı insan edən ən gözəl duyğu sevgidir. İkinci isə mərhəmətdir. Məhz buna görə gücüm çatdığı qədər insanlarla sevgimi bölüşməyə çalışıram. Onun qarşılığını alıb-almamağım önəmli deyil. Mənim həyatımda elə adamlar olub ki, yaxşılıq edib, pislik görmüşəm. Sonra tale elə gətirib ki, onun həyatının çətin anında mənim dəstəyimə ehtiyacı olub.  Ailə üzvlərim, dostlarım ona nə edəcəyimi soruşub. Mən ona yaxşılıq edəcəm demişəm. Çünki bu onun yox, mənim imtahanımdı. Yaradan məni nə qədər əxlaqa, mərhəmətə sahib olduğumu imtahandan keçirir. Atam hər zaman deyərdi ki, uşağı tənbeh etməyin, "bu sənə yaraşarmı” sualını verin. Çox təəssüf ki, indi biz daha çox ətrafdakılar nə deyər deyə düşünürük. Bu da o deməkdir ki, ətrafdakılar görməsə biz bunu edə bilərik. Ancaq bu yanlışdır. 

- Özünüzü şanslı qadın hesab edirsiz?

- Əgər yaradan sənə şans veribsə, sən  insanlara daha çox qayğı, diqqət göstərə bilirsənsə bunu etməlisən. Onun qarşılığını gözləmək artıq ticarət təfəkkürü olur. Mən sevgidə ticarət təfəkkürünü qəbul etmirəm. Dostlarım hər zaman mənə  deyir ki, sən insanlara daha tez etibar edirsən. Ancaq onlar sənə qarşı doğru etmədikləri zaman bu səni incidir. Bir gün bir filosof dostum "Qənirə düz edib tanımadığı insana ilk baxışdan inanır. Çünki əgər bir insanı tanımırsansa, niyə onun haqda pis fikirləşəsən? Elə Qənirə düz edir. Yaxşısı budur ki, tanımırsasansa, o adam haqqında yaxşı fikirləşəsən. Mən bu haqda yazı da yazmışdım. Gənc yaşlarımda insanları çox tanımağa çalışırdım. Bəzən də yanılırdım. Ancaq indi tanımağa çalışmıram, çünki zamanla onlar özlərini mənə tanıdırlar. Mən Allahıma şükür edirəm ki, məni sağlam yaradıb, 44 il ömür verib. Mənə arzularımı reallaşdırmaq üçün yaxşı şanslar verib. Düşünürəm ki, bu gün etdiklərimin qarşılığını yaradan artıqlaması ilə mənə nəsib edib. Ona görə də  onun nəsib etdiklərinin fərqində olub, şükrlə davranıb, insanlara sevgi, diqqət və qayğı ilə yanaşmağa çalışıram.
 

 

- Layihəmizin adı "Uğurlu qadın”dır. Qənirə Paşayeva çoxları üçün uğurlu qadındır? Bunu necə bacarmısız? 

- Ümumiyyətlə  "uğurlu qadın” cəmiyyətdə tanınan qadınlara ünvanlanmış ifadə kimi qəbul edilir. Mənim düşüncəmə görə faydalı iş, faydalı əməl ilə məşğul olan hər bir insan uğurludur. Hansı sahədə olursa olsun, peşəsini yaxşı bilən, öz peşəsini ən yüksək səviyyədə həyata keçirərək cəmiyyətə, insanlara faydalı olan insan uğurlu insandır. Fərq etməz onları nə qədər insan tanıyır. Mən bu insanların hamısını uğurlu insan hesab edirəm. Bunu deməkdə məqsədim, gənclərin bəzən  uğurlu zənn etdikləri insanların əlçatmaz olduğunu hesab etmələridir. Gənclərimizlə söhbət zamanı onlar üçün uğurlu insan nazir, millət vəkili olandır. Ancaq mən belə düşünmürəm. Mənim üçün öz arzularının ardınca gedib, istəklərini reallaşdıran və insan kimi faydalı olan insanların hamısı uğurlu insandır.

- Qənirə Paşayeva uğur qazanmaq üçün nələrdən vaz keçib?

- Çox yatmaqdan vaz keçib deyə bilərəm. Mən uşaqlıq illərimi çıxsaq, heç bir zaman 8 saat yatmamışam. Bu tələbəlik illərimdən başlayıb. Mən çox əylənməyi də sevmirəm. Mənim işim, görüşlərim bitən kimi evə gəlirəm. Mənim üçün istirahət kitab oxumaqdır. Vaxt tapan kimi kitab oxuyub, nəsə yazmağa çalışıram. Ona görə deyə bilərəm ki, məni əyləncə yerlərində görmək çətindir. Bunu heç özüm də istəməmişəm. İstirahət zonalarına çox getməyi də xoşlamıram. Mən heç vaxt harasa, gedib 10 gün dincəlməmişəm.
 

 

- İxtisasca həkimsiniz. Bəs jurnalistikaya necə maraq saldınız? Jurnalist olduğunuz üçün nə vaxtsa peşman olmusunuz? Heç düşünmüsüz ki, həkim kimi qalsaydız, cəmiyyətə daha çox fayda verərdiz? 

- Mən uşaqlıqdan jurnalist olmaq istəyirdim. O dövrdə jurnalistikanın imkanları məhdud idi. Valideynlərim mənim həkil olmağımı istəyirdilər. Bununla yanaşı yazmağıma da icazə vermişdilər. Mən Tibb universitetinə dsaxil oldum. Mənim həkim olmağıma iki nəfər çox üzüldü -ədəbiyyat müəlliməm Kəmalə müəllimə və tarix müəllim Ziyad müəllim. O mənim tarixçi olmağımı istəyirdi.  ANS yeni yarananda mən həm oxuyub, həm də işləməyə başladım. Buna görə peşmanammı? Xeyir. Hər zaman anama çox sağ ol deyirəm ki, o icazə vermədi mən tibb universitetini atım.

- Qənirə Paşayeva jurnalist kimi qısa zamanda milyonların sevimlisinə çevrildi...

- Mən müsahiblərimə cəmiyyətin marağında olan sualları verirdim. Və bu sualların cavablarını istəyirdim, cavabı alana qədər gedirdim. Mən öz vəzifəmi yerinə yetirməyə çalışırdım. Azərbaycanda heç kim deyə bilməz ki, Qənirə Paşayeva məndən pul, rüşvət alıb. Bəzən elə insanların elə təkliflərindən imtina etmişik ki. Mən onları əlimin tərsi ilə vurub keçmişəm. Mən jurnalist işlədiyim zaman kiçik bir evdə kirayə yaşayan, avtobusla işə gedib-gələn insan idim. Mən yaxşı jurnalist olmaq üçün hər bir şeyi-evi, maşını, rahatlığı qurban verməyə hazır idim. 
 

 

- Bəs indi jurnalistlərlə aranız necədir?

- Millət vəkili olmağıma baxmayaraq, mən özümü jurnalistikadan ayrılmış insan hesab etmirəm. Jurnalistlərə münasibətim çox yaxşıdır. Bəzi insanlar var ki, onların jurnalsitikaya aidiyyatı yoxdur. Reket jurnalistika dediyimiz termin formalaşıb. Buna çox üzülürəm. Deyə bilərəm ki, reket jurnalistika ən böyük zərbəni elə jurnalistlərə vurub. Ola bilər ki, reket jurnalistlərindən kimsə hansısa maraqları reallaşmır deyə məndən narazı qala bilər, ancaq əsl jurnalistlərlə bağlı hər bir müraciətdə onların yanındayam. Mənim jurnalistlərə bir qadağam var. O da şəxsi həyatdır. Bu mövzuya yanaşmam ümumidir. Və bildirirəm ki, bu suallarınızın cavabı olmayacaq. İndi baxıram ki, ən çox oxunan xəbərlər kiminsə şəxsi həyatı ilə bağlı olan xəbərlərdi. Bunlar cəmiyyətə maraqlı olmamalıdır. Cəmiyyəti maraqlandıran,düşündürən o qədər mövzular var ki. O mövzulardan başqa bütün suallara cavab verməyə hazıram.

- Sözün əsl mənasında əlçatan millət vəkilisiniz. Sizcə bu xarakteriniz digər həmkarlarınızda qıcıq yaratmır? 

- Mən peşəsindən asılı olmayaraq hər bir Azərbaycanlının uğurna sevinirəm. Bir azərbaycanlı gənc uğur qazananda mən bunu övladımın,qardaşımın uğuru kimi qəbul edirəm. Mənim içimdə qısqanclıq hissi yoxdur. Mənim həmkarlarımın içində kifayət qədər uğurlu iş görüb, cəmiyyətə faydalı işlər görənlər var. Qısqanclıq etməklə nə qazana bilərik ki? Əlçatanlığa gəlincə isə mən insanların səsi ilə millət vəkili olmuşam və bu gün də onları təmsil edirəm. Ona görə də mənimlə onlar arasında heç bir divar ola bilməz.
 

 

- Çox gərgin iş rejiminiz var. Bu gərginliyin içində özünüzə vaxt ayıra bilirsiniz? 

- Özümə yetərincə vaxt həm də ailəmə, əzizlərimə yetərincə vaxt ayırmaqdır. Oxumaq istədiyim kitablar çoxdur. Bunları etmək üçün zaman qıtlığı var. Ancaq axşam saat 11-dən sonra telefon zənglərim azalır və mən özümə vaxt ayırmağa çalışıram. Deyə bilərəm ki, saat 12-dən 2-yə qədər olan zaman mənim zamanımdır. İçimdə yazmaq istədiklərim var. Onları yazmağa hələ ki, zaman çatdıra bilmirəm.

- Müsahibələrinizin birində içinizdə iki Qənirənin olduğunu demisiniz. Bizim görmədiyimiz Qənirəni necə təqdim edərsiniz? 

- Deyərdim ki, mənim  ən böyük müxalifətim mənim içimdəki Qənirədir. Davalı olaraq bunu belə et,bunu belə etməlisən deyən şəxsdir. Məni tənqid edən və daha çox işləməyə çağıram məhz içimdəki Qənirədir.

- Qədərə, taleyə inandığınızı demisiniz. Bəs talehinizdən razısınız? 

- Mənim yaradandan narazı olmağa haqqım yoxdur. Çünki yaradan mənə 44 il sağlam ömür verib. Bu az müddət deyil. Yaradan mənə sağlam dünyaya gəlmə imkanı verib.  Çox ağır və ciddi  xəstəliklərdən keçmiş və bunları görmüş insan olaraq, əməliyyat masasının üzərinə  uzananda da, 2 sanyə ərzində dünya ilə əlaqəmin kəsildiyi anda da yaradandan narazı olmamışam. Ciddi xəstəlik keçirsəm də, çarəsi olub bu xəstəliyin.Yaxşı valideynim olub və atalı-analı böyümüşəm. Yaşadığım ağrılı və ağır zamanlarda da tanrıma şükür etmişəm. Bunun daha betəri var deyə. Bəlkə bir sınaqdan keçirəm, ancaq onu bilirəm ki, sən hər zaman yanımdasan. Şükür etmək çox güclü duyğudur. O insana hüzuru verir. Hüzursuz insan heç vaxt xoşbəxt ola bilməz. Əgər içinizdə hər zaman hüzursuzluq varsa, o hissi doğuran nəfsdir.  Mən heç vaxt bunu niyə yaşadım demirəm.Deməli mən bunu yaşamalı idim ki, yaşadım deyirəm.

- Bildiyimiz kimi ailə həyatı qurmamısınız.Bəs ailə həyatı qurub ana olmaq haqda düşünürsünüz? 

- Hər şey qədər...
 
- Daima ehtiyacı olanların yanındasınız. Onların dərdini dinləmək sizi mənfiyə kökləmir? 

- İnsanların ağrısını dinlədikcə o hisslər insanın içindən keçir. Və təbii ki, bu insanın içində dərdi və kədəri artırır. Məni bir insanın gözlərindəki kədər həddindən artıq üzür.  Ancaq o gözlərdə ümid qığılcımı görəndə içimdəki o ağrılar azalır. Əgər gerçək insan kimi yaşayırsansa, üzüntüdən üzülüb, sevincə sevinəcəksən.  Bunsuz mümkün deyil.  Ağrıya bilən insan hələ insanlıq dəyərlərini  itirməmiş insandır.
 

 

- Sizcə bir qadını nə xoşbəxt edir? 

- Mən deyərdim ki, bir insanı arzularının reallaşması, əzizlərinin xoşbəxtliyi, cəmiyyətiin və dövlətin xoşbəxtliyi və inkişafı  xoşbəxt edə bliər. Bu xoşbəxtliyə hansı prizmadan baxmaqdan asılıdır. Şəxsən mənim xoşbəxtçiliyim Azərbaycanın xoşbəxtçiliyidir.Mənim xoşbəxtçiliyim Azərbaycandan keçir.

- Ananıza çox bağlısız. Ananızın bir valideyn kimi sizdən ən böyük istəyi nə olub?

- Anamın məndən ən böyük istəyi  cəmiyyətə faydalı olmağım olub. Dünyanın ən mərhəmətli insanlar qrupuna  mənim anam da daxil olardı. Anam çox böyük mərhəmətə sahib insandır. Analıq duyğuları güclü olan insanları bir duyğu birləşdirir. Bu da onların övladlarını sağlam, cəmiyyətə faydalı görmək istəmələridir.
 

 

- Özünüzü ən rahat kimin yanında hiss edirsiniz? Dərdinizi kimlə bölüşürsünüz?

- Özümü ən rahat anamın yanında hiss edirəm. Anc aq dərdimi, kədərimi, qəmimi heç kimlə bölüşmürəm. Çunki belə etsəm, o dərdi qarşımdakına da vermiş olaram. Ona görə də dərdimi yaradanla bölüşürəm

- Deyirlər ki, qadınlar adətən hisslərinə qurban gedir, ancaq istisnalar da var. Siz nə vaxtsa, hislərinizə qurban getmisiz? 

- Mən ağılla hərəkət etməyin tərəfdarıyam. Mənim hisslərim və hissiyatım çox güclüdür. O məni heç vaxt yanıltmayıb. Məncə ağıl, məntiq və hisslər ortaq hərəkət etməlidir.
 

 

- Siz həm sevilən qadınsız, həm də seçilən qadın . Sizcə sevilən qadın olmaq asandır yoxsa seçilən qadın?

- Sevilən, seçilən cox yaxşı ifadələrdi. Ancaq mənə görə ən yaxşı ifadə adam kimi adam olmaqdır. Mənə görə ən yaxşısı insan olmaqdır.

- Uzun illər öncə demişdiz ki, məndə belə hiss var ki, tez öləcəyəm və bu səbəbdən tələsirəm. Ölümü necə təsəvvür edirsiz? 

- Tam elə deməmişdim,ancaq mən ölümə rahat baxıram. Ölüm əslində yaradana qovuşmağımızdır. Biz bu dünyaya gəlirik  və bilirik ki, bu dünyadan gəldiyimiz kimi də getməliyik. Önəmli şey neçə yaşında yox, necə getməyimizdir. Bu insanı narahat etməlidir. Gözünü dünyada yumanda necə yummaqdır.  İnsanda vicdan rahatlığı olmalıdır. Yaxşılıq edib, yaxşı işlərlə məşğul olan insan ölümdən qorxmur. Ona görə də insan gündə iki dəfə ölümü xarırlamalıdır. İnsan ölümü xatırlayanda pis iş görüb, günaha batmaqdan çəkinir və faydalı işlərlə məşğul olur. Faydalı işlə məşğul olanlar böyük ölüm qorxusunu yaşamırlar.Çünki yaradana necə həyat yaşadıqlarının fərqində olaraq qovuşurlar.

- Sizcə insanlar Qənirə xanımı necə xatırlayacaq?

- Bütün həyatım boyü məni pis xatırlamamaları üçün çalışıram.. Nəfsimlə mübarizə aparıram. Fəaliyyətimdə buna xüsusi diqqət edirəm. Bu dünyadan köçən zaman dillərinin ucunda "Allah rəhmət etsin, nur içində yatsın” deyəcəklərsə, mənim bu dünyadan apardığm ən gözəl şey o olacaq.
 
Günel Hüseynli


XƏBƏR LENTİ