'O bilir ki, bu mahnı hesabına toylarda artıqlaması ilə pul qazanacaq' - FOTOLAR+VİDEO

MAQAZİN
13:25 25.07.2013
2952

AZXEBER.COM portalı uzun illər Türkiyədə yaşayan və orada fəaliyyət göstərən müğənni İlham Əsgəroğlunun müsahibəsini təqdim edir:

 - Sizcə, televiziyaya çıxmaq üçün nə etmək lazımdır?

 - Yaxşı dostlar varsa, onların köməyi ilə televiziyaya çıxa bilərəm. Amma elə insanlar var ki, süni gülüşlərlə insanı yola verir. Hiss edirsən ki, səndən pul gözləyirlər. Pul burada sənin həmin gün televiziyaya çıxmağında əsas rol oynayır.

 - Nanənin proqramına çıxmaq istəyirsiz?

 - ATV-də bu barədə görüşlərim olub. Gələn həftə ola bilsin ki, mümkün olacaq.

 - Bunun üçün nəqədər pul tələb elədilər?

 - O proqrama çıxmaq üçün pul verməyəcəm.

 - Məndə olan məlumata görə, Nanə ödənişsiz heç kimi proqrama çıxarmır..

 - Ad çəmək istəmirəm, orada bir tələbə yoldaşım işləyir, onun köməyi ilə çıxmaq istəyirəm. Tələbim odur ki, əgər mənim istedadım varsa, proqrama çıxarsın, yoxdursa, razıyam, çıxarmasınlar. Amma sabah mən gedib Türkiyədə məşhurlaşsam, onlar mənə yalvaracaqlar. Biz həmişə hazırın naziri olmağa çalışmışıq. Deyəcəklər ki, bu bizim həmyerlimizdir. Amma həmyerlilərə öz ölkəmizdə şərait yaratmırlar. 

 - Siz əsasən hansı mahnıları ifa edirsiniz?

 - Mənim öz mahnılarım da var, amma əsasən bəstəkar mahnıları ifa edirəm. Əsasən klassik mahnılar, opera mahnıları oxuyuram, zamanla öz izimi qoyacam, burada İlham kimdir, onu sübut eləyəcəm. 

 - “Maral” tipli mahnı ifa edərsinizmi? Əgər o mahnını Nadir Qafarzadədən əvvəl sizə versəydilər oxuyardınızmı? 

 - Oxumaq olar, orada qeyri-adi bir şey yoxdur. 

 - Nəyə görə xalqımız belə mahnılara meyl edir? Sizcə bu nədən irəli gəlir?

 - Əvvəla, bu mahnının reklamı yaxşı gedib. Bundan əlavə, oxuyan adam millətin psixologiyasına bələddir. Bu mahnıya pul yatıran adam işini bilir. O bilir ki, bu mahnı hesabına toylarda artıqlaması ilə pul qazanacaq. 

 - Ailə-məişət söhbətləri ilə gündəmə gələn insanlara necə baxırsınız?

 - Mən elə şeyi qəbul etmirəm. Çünki ailə sənət sirridir, sənətçinin özündə qalsa, yaxşıdır. 

 - Məsələn, Təranə Qumral ilə Musa Musayevin son olaylarına münasibətiniz necədir?

 - Mən onu qəbul etmirəm. Onlar şou yaratmışdılar sadəcə. Mən razıyam ki, pul qazanmayım, amma o vəziyyətdə gündəmdə olmaq istəmirəm. Heç kimin xətrinə dəymək istəmərəm, amma reallıqları deməyə məcburam. 

 - Siz toylara hansı qiymətə gedirsiniz?

 - Mən Türkiyədə fərqli qiymətə gedirdim, burada da hər toya getmirəm. Ölçüb-biçirəm, ucuz qiymətə toylara getmək mənə sərf eləmir. Elə adamlar görmüşəm ki, 5 dənə fonoqram mahnı oxuyub, əvəzində 5 min, 7 min manat alıb. Soruşmuşam ki, bu qədər pulu niyə verirsiz buna? Deyir ki məşhurdur. Amma bu qəbuledilməzdir. Mən canlı oxuyuram, 1000-3000 manat arası halal pulumu qazanıram. Çünki mən əziyyət çəkirəm. 

 - Siz Türkiyədə, Türk dünyasında yetərli qədər tanınırsınız, bəs Azərbaycanda tanınmağınıza nə mane olur?

 - Təbii ki, bunun üçün sponsor, külli miqdarda pul lazımdır. Yeni mahnılar üçün, davamlı televiziyaya çıxmaq üçün pul tələb olunur. Azərbaycanla Türkiyə arasında bu mövzuda çox fərqliliklər var. Mən orada efirə çıxanda pul alıramsa, burada əksinə, onların tələb etdiyi qədər pul verməliyəm.

 - Hansı ölkələrdə fəaliyyət göstərmisiniz?

 - Mən çox ölkələrdə oldum, o cümlədən şamanların festivalında məni münsiflər heyətinə çağırdılar, 7 il Türkiyədə oldum, türkdilli ölkələrdə oldum.

Turxan Əliquliyev

OXŞAR XƏBƏRLƏR