Bütün Qafqazın şeyxi Quranı nümayişkaranə surətdə yandıran amerikalı din xadiminin hərəkətinə münasibət bildirib
Quranı nümayişkaranə surətdə yandıran amerikalı din xadiminin hərəkəti kəskin etiraz doğurub. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə onun əməlini cəhalət adlandırıb və həmin keşişin cavabının Allah tərəfindən veriləcəyini deyib. O, artıq ikincə dəfə eyni şəxs tərəfindən törədilən bu əməli əqidə və iman böhranının son nəticəsi, xalis cəhalət adlandırıb. Şeyx İslamın müqəddəs kitabına əl qaldıran şəxsin heç kilsəyə də qulluq etmədiyini və bu addımla həm də bütün xristian aləminə hörmətsizlik nümayiş etdirdiyini açıqlayıb. “Qurani-Kərimdə yazılanlar Allahın kəlamlarıdır. Allah isə ona gedən yoldan asılı olmayaraq vahiddir, təkdir. Hansı dinə qaillik etməsindən asılı olmayaraq, hamı eyni Allaha ibadət edir. Ona görə də Allahın kəlamına əl qaldıran, bununla da şeytana qulluq edən hansısa keşişin hərəkətinin cavabını Allah özü verəcək. Qurani-Kərim tərəqqi və dincliyi, qardaşlıq və məhəbbəti təlqin edir, qoy Allah onun yolundan azmış kəsləri doğru yola qaytarsın!”. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də amerikalı keşişin Quranın nüsxəsini yandırmasını kəskin qınayıb və onun alçaq hərəkət etdiyini deyib. Nazirliyin bəyanatında bu hadisə Amerika və Qərbin dinlər və mədəniyyətlərarası müharibəsinin və süquta uğramış İslam düşmənçiliyinin, islamofobiyanın bir hissəsi kimi qiymətləndirilir. Bəyanatda amerikalı keşişin bu hərəkətinin bütün dünya müsəlmanlarında qəzəb və nifrətə səbəb olacağı bildirilir. Bəyanatda həmçinin bu tip hadisələrə Amerika dövlətinin apardığı siyasətin səbəb olduğu deyilir. Xatırladaq ki, Amerikanın Florida ştatında antiislam mövqeyi ilə tanınan keşiş Terri Cons yenidən müsəlmanların müqəddəs kitabı – Qurani-Kərimi nümayişkəranə şəkildə yandırıb. İranda ölüm hökmünə məhkum edilən Yusif Nadarxaninin azad edilməsini tələb edən protestant keşiş bu aksiyanı Qeynsvill şəhərində kilsənin önündə 20-yə qədər tərəfdarı qarşısında keçirib. Terri Cons martın 20-də də Quranı yandırmışdı və buna etiraz olaraq Əfqanıstanda keçirilən aksiyalar zamanı 100-ə qədər insan ölmüşdü. İlk dəfə isə o, 2010-cu ildə Quranı yandırmağa cəhd etmiş və bu bütün dünyada böyük etiraza səbəb olmuşdu.
anspress