“O olmasın, bu olsun” filminin çəkildiyi hamam bərpa edildi

MARAQLI
12:35 27.12.2011
6931
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən İçəri Şəhərdə yerləşən Ağa Mikayıl hamamında aparılmış bərpa işləri başa çatıb. Qoruq İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən tikdirilmiş və xalq etimalogiyasında “Hamamçılar məhəlləsi” adlanan ərazidə yerləşən Ağa Mikayıl hamamı qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib. Abidənin sütunları möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.Məşhur “O olmasın, bu olsun” filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən Məşədi İbad hamamı adlanan abidənin gələcəkdə öz təyinatı üzrə istifadə olunacağı nəzərdə tutulur. Bu səbəbdən Ağa Mikayıl hamamının daxilində ənənəvi abu-hava yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Abidə öz fəaliyyəti ilə İçəri Şəhərə gələn turistlərə şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək və əhaliyə xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR