Od üstünə benzin tökməyin, vəziyyəti kritikləşdirməyin

Od üstünə benzin tökməyin, vəziyyəti kritikləşdirməyin
Bütün Xəbərlər
23:30 09.04.2014
1937
Elşən Musayev
Bu gün dövlətlərarası münasibətlərdə və ələlxüsus da kritikalarda ən çox təsadüf olunan ad, mövzu,predmet nədir? Beynəlxalq hüquq. Daha doğrusu, başı bəlalı beynəlxalq hüquq. Hansı ki, mahiyyəti qalsın bir yana, ümumiyyətlə varlığından belə çoxlarının xəbəri yoxdur. Öz də deyim ki elə hər mənada! Və ya, fövqəl-dövlətlərdən fərqli olaraq daha kiçik dövlətlər həmin beynəlxalq hüququn adını bilir, dadını yox. Onu kağız üzərində görüblər, amma hərəki istiqamətdə nəfəsini belə duymayıblar. Tam da təbii olaraq. Niyə? Çünki, hüququn bu sahəsi biriləri üçün öhdəlik, digərləri üçünsə manevr imkanı deməkdir. Ya da məşhur Kayzer Kembutun dili ilə desək: “Beynəlxalq hüquq böyük dövlətlərin dəlib keçdiyi, kiçik dövlətlərinsə ilişib qaldığı hörümçək toruna bənzəyir”.***Hazırda isə bütün diqqətlər Ukrayna üzərindədir. Bu ölkə rəsmən işğal olunur. Və ya Putin Krımın ardınca Ukraynanın cənubi-şərqini də tutaraq Moldovaya tərəf istiqamətlənmə planını bir növ təsdiqləmiş oldu. Amma deyim ki, qəribə olan bu deyil. Odur ki, hər şey də, bütün proseslər də Rusiyanın xeyirinə yağ kimi və ya sanki elə belə də olmalıymış kimi gedir. Artıq dünəndən etibarən Donetskin muxtariyyatı elan olundu, Xarkov Respublikasının yaradılması bəyan edildi, hətta Simferopol adının Putinin adına dəyişdirilməsi təklifi irəli sürüldü. Və… Beynəlxalq hüquq hələ də qəflət yuxusundan ayılmaq bilmir ki, bilmir. Üstəgəl, münaqişə zonasının deyil, münaqişə tərəflərinin əlində girinc qaldığı üçün. Yəni Rusiya ilə Qərbin! Və ya beynəlxalq sanksiyalar, eyni zamanda beynəlxalq hüququn mahiyyətindən doğan öhdəliklər bir zamanlar yalnız diktatura səbəbilə devrilən Qəzzafiyə qarşı daha çox keçərli idi, nəinki bu gün ortalıqda meydan sulayan işğalçı Putinə qarşı. Həmin qanunlar, müddəalar, imperativ normalar zamanında bir tək bala Buşun rəsmi üzərindən keçildi deyə İraq boyda dövləti şəxsi konflikt zəminində blokadaya salıb istila etməyə yetdi, amma Ukrayna adında gül kimi dövlətin müdafiə olunmasına, qorunmasına, hifz edilməsinə yetmədi…Dünəndən etibarən isə NATO yenidən öz qapılarını Rusiya üzünə bağladığını bəyan edib. Oysa, eyni adlı qapıları Rusiya üzünə bağlamaq deyil, Ukrayna üzünə açmaq lazım idi. Bu dövlətin NATO Alyansına üzvlük məsələsi, perspektivi indi deyil, zamanında öz həllinə varmalı idi. Ki, bu gün ən azından hərbi qüdrət təmin olunaydı, bir dövlətin müstəqilliyi təhlükə qarşısında qalmayaydı və nəhayət Beynəlxalq hüququn ana prinsipləri separatizm meyllərinin qarşısında bu qədər aciz və köməksiz duruma düşməyəydi. Amma düşdü. Qərb meyllərinin, Avropa fırıldağının və Rus qəsbkarlığının nəticəsində düşdü!Fırıldaq demişkən, bir haşiyə çıxım: Dünən Joze Manuel Borozzo bəyan etdi ki:” Biz Ukraynanı belə bir vəziyyətdə Avropa Birliyinə qəbul edə bilmərik” - Maraqlı səslənişdir, deyilmi? Həm də son dərəcə heyrətamiz. Və ya belə idisə əgər, o zaman niyə bir millətin, bir dövlətin yaşam tərzini pozurdunuz? Onu rusun ət maşınından keçməyə vadar edridiniz? Yoxsa belə bir qənaətdə idiniz ki, Avropa Birliyinin ayırdığı bir milyardlıq avro və Amerikanın tətbiq elədiyi 20 nəfərlik sanksiya ilə problem həll edəcəksiniz? Yox əgər bu boyda dövlətlər bu qədər bəsit düşünə bilibsə, o zaman heyhat! Hətta dırnaq içində ”afərin”! Deyiləcək başqa bir söz yoxdur. Və ya bir cılız ambisiyanın, avantürizmin fonunda Rusiyanın nüvə silahı təhlükəsi, 3-cü dünya müharibəsinin başlama ehtimalı, SSSR-ni yenidən bərpa cəhdi nəzərə alınmaylbsa, o zaman gerçəkdən deyiləcək heç bir şey yoxdur...Eyni zamanda əsas məğz bir də bilirsinizmi nədən ibarətdir və ələlxüsus da harada kilidlənib qalır? Prosesin növbəti dövrünün abstrakt mərhələyə girməsində, münaqişənin həlli yollarının görünməməsində, demokratiyadan danışan fövqəl-dövlətlərin əslində ən böyük anti-demokrat olmasında və nəhayət Beynəlxalq hüququn, beynəlxalq münasibətlərin çeynənməsində, təhrif olunmasında və yalnış yerlərə tövsif edilməsində....Əlqərəz, hər şey 20 ildir doğma Azərbaycanımızın addım-addım yaşadıqlarına bənzəyir. Hansı ki, bir çoxları kimi biz də öz gerçəklərimizin sübutuna vara bilmişik, fəqət nəticəyə vara bilməmişik. Niyə? Çünki, bunun üçün beynəlxalq mexanizm yoxdur. Daha doğrusu var, amma işlək vəziyyətdə deyil. Çünki, həmin mexanizmi təmin edəcək normalar havadan, küləkdən ya da kimlərinsə iradəsindən asılı vəziyyətdədir. Çünki, BMT-nin 1970-ci il qətnaməsi çoxdan gedib” işinin dalınca”, Beynəlxalq hüququn ana prinsiplərini müəyyən edən 1975-ci il Helsinki Yekun Aktının müddəalarını uzun zamandır reallıqda gördüm deyən olmayıb. Bax elə bu səbəbdəndir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında 4 qətnamə bu günə qədər icrasız qalıb, Ukrayna hazırki duruma salınıb, Rusiyanın ağzını yığan yoxdur və nəhayət Amerikanın, Qərbin saxta demokratiya fəlsəfəsi illərdir görməzdən keçilir...Sadə bir fakt deyim: Yaxınlarda Avropa dövlətlərinin birində Xocalı faciəsi bağlı dinləmələr oldu. Və mən də həmin dinləmələrin iştirakçısı idim. İnanın tam səmimi deyirəm, nəinki siyasət, diplomatiya, hətta hüququn belə ən dərinliklərinə qədər getdik. Amma o “baboçka”lı saxta diplomatlara və özündən razı demokratlara anlada bilmədik ki, eyhamı nəyə vururuq. Polemika başlayan kimi ilk öncə cinayət məcəlləmizdən sitat gətirdilər. Ki,sizdə qanunun geriyə qüvvəsi yoxdur. Təbii, biz də anlatdıq - həmin məcəllənin düz 2001-ci ildə yeni redaksiyada dəyişdiyini və artıq belə bir problemin olmadığını. Daha sonra başladılar ki, bu soyqırım deyil, kütləvi qırğındır - çünki, Beynəlxalq hüquqda kütləvi qırğın soyqırımdan daha yüngül sanksiya ilə tövsif olunur. Bu yerdə isə Çingiz Mustafayevin çəkdiyi bircə video köməyimizə yetdi. Ardınca söylədilər ki Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən “Roma statutu” 1 iyul 2002-ci ildə qüvvəyə minib. Ona görə də həmin tarixdən əvvəl törədilmiş cinayətlərə baxmamaq haqqında siyasi-hüquqi qərar var. Və...bunun da arqumentini ortaya qoya bildik: Atəşkəs dövründə olsaq da, silahlı münaqişə hələ bitməyib və bir növ cinayətlərin törədilmə mərhələsi də hüquqi cəhətdən tam sona çatmayıb!Ən sonda bilirsinizmi nə dedilər? – “Od üstünə benzin tökməyin, vəziyyəti kritikləşdirməyin, hər şey yaxşı olacaq”...Amma nə vaxt yaxşı olacaq, necə yaxşı olacaq, bax bunu özlərindən savayı kimsə bilmir. Və ya müasir dünyanın Beynəlxalq hüququ bax budur, diplomatiya jarqonu bax budur, problem çözmə üsulu bax budur!Gəl indi analoji vəziyyətdə Krım, Donetsk, Xarkov qoru görüm, necə qoruyursan.Qarabağı qaytar görüm, necə qaytarırsan...
OXŞAR XƏBƏRLƏR