Şabran rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon ərazisində yerləşən restoranlardan birində ofisiant işləyən 35 yaşlı şəxs münaqişə zəminində həmin restoranın müştərisini məxbət bıçağı ilə qətlə yetirib. Hadisə ilə əlaqədar Şabran RPŞ-nin rəis müavini Məmmədmusa Hüseynov bildirib ki, axşam saat 21.30 radələrində Şabran şəhər sakini, 1976-ci il təvəllüdlü Qəniyev Samir Füzuli oğlu şəxsi münaqişə zəminində şəhərin Heydər Əliyev prospektində yerləşən “Savalan” kafesində öz tanışı Quliyev İlham Qərib oğlunu bıçaqla vuraraq ona bədən xəsarətləri yetirib.
Hadisə şahidlərinin köməyi ilə 31 yaşlı İlham Qərib oğlu Quliyev xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə təqsirli bilinən Samir Fazil oğlu Qəniyev isə saxlanılaraq Şabran rayon polis şöbəsinə gətirilib. O hadisəyə səbəb kimi mərhumun onu təhqir etməsini göstərib: “Mən restoranda işlədiyim müddətdə o gəlib çörək yeyib. O yemək yeyəndə, mənə yaxınlaşıb ana söyüşü ilə zarafat edirdi. Dəfələrlə deyirdim ki, mənimlə ana söyüşü ilə zarafat etmə. Bu dəfə çox sərxoş idi. Başqa cür zarafat etdi, təhqir etdi, daha sonra məni yumruqla vurdu. Bundan sonra dözməyib onu qarın-döş və alınından bıçaqla vurdum. Etdiyim əməlimə görə peşman deyiləm”.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
//Ans TV