AZXEBER.COM xəbər verir ki, təltif olunan qəhrəmanların sırasında İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Ətraf oğlu Şıxızadə də var.
Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AZƏRTAC-ın müxbiri İsmayıllının Diyallı kəndinə yollanaraq şəhidin ailəsi ilə görüşüb, onların qürur və nisgil dolu duyğularını dinləyib.
Turan Şıxıyev qardaşı haqqında danışarkən səsində həm qürur, həm də dərin həsrət duyulurdu. Deyir ki, Tural ailənin sonbeşiyi idi. İki qardaş, bir bacı olan ailənin kiçik övladı Tural mehribanlığı, səmimiyyəti və cəsarəti ilə hər kəsin sevimlisi idi. Hələ ömrünün baharında idi. Subay idi, quracağı ailə, həyata keçirəcəyi arzuları vardı. Lakin Vətən sevgisini hər şeydən üstün tutaraq öz gələcəyini Azərbaycanın gələcəyinə qurban verdi.
Qardaşı deyir ki, Tural ailəsini narahat etməmək üçün döyüş bölgəsində olduğunu son ana qədər onlardan gizlədib:
Turan Şıxıyev ailələrinin yaşadığı ən ağır hisslərdən birini də bölüşür. Onun sözlərinə görə, ataları Ətraf kişi oğlunun dəfn mərasiminə qatılmayıb və şəhid olduğu gündən bu günə qədər məzarını ziyarət etməyib. Bunun da özünəməxsus, dərin mənəvi səbəbi var. Atam deyir ki, Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib, o yaşayır. Mən onu torpağın altında təsəvvür edə bilmirəm. Elə buna görə də qardaşımın məzarı başına gedə bilmir. Bu sözlər bir ata qəlbinin həm sonsuz ağrısını, həm də oğluna duyduğu sonsuz fəxarəti ifadə edir.
Xatırladaq ki, şəhid Tural Şıxızadə göstərdiyi igidliyə görə bundan əvvəl də dövlət tərəfindən bir sıra yüksək təltiflərə layiq görülüb. O, ölümündən sonra "Cəsur döyüşçü”, "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Prezident İlham Əliyevin son Sərəncamı ilə ona təqdim olunan III dərəcəli "Vətənə xidmətə görə” ordeni isə Tural Şıxızadənin keçdiyi şərəfli döyüş yoluna verilən növbəti yüksək dövlət qiymətidir.
Bu gün Tural Şıxızadə fiziki olaraq ailəsinin yanında olmasa da, adı qəhrəmanlıq salnaməsində yaşayır. Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, yarımçıq qalan gəncliyi və Vətən sevgisi gələcək nəsillər üçün örnək olaraq qalacaq. Dövlət tərəfindən təqdim olunan hər bir orden isə şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulduğunu, onların fədakarlığının heç zaman unudulmadığını bir daha təsdiqləyir. Tural Şıxızadənin adı da Azərbaycanın azadlığı uğrunda canını fəda edən igid oğulların sırasında əbədi yaşayacaq.



















































