'Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı söylədiyi reallıq erməniləri özündən çıxardıb. Ombudsman çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsini təsdiq edib.
O, “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib” ifadələrini işlətdikdən sonra parlamentin sədri onun çıxışına ayrılan zamanın bitdiyini bildirib və sözlərini yarımçıq qoyub. Çıxışından sonra böyük təzyiqlərlə qarşılaşan ombudsman hər şeyə rəğmən dediklərini təkzib etməyib. Aureliya Qriqoriu bundan sonra Moldovaya qayıtmaq istəyərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər. Yalnız bundan 2 gün sonra ombudsman Ermənistanı tərk edə bilib.
Məsələ ilə bağlı deputat Asim Mollazadənin münasibətini öyrəndik. Millət vəkili AZXEBER.COM-a açıqlamasında bildirdi ki, bu, ermənilərin işğalçı və zorakı millət olduğunun isbatıdır. Ermənilərin bu cür reaksiya verməsi isə gözlənilən idi: “Aureliya Qriqoriunun Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı söylədikləri fikirlərə ermənilərin bu cür reaksiya verməsi normal idi. Xocalı haqqında deyilən reallıq bu soyqırımını törətmiş insanları çox qıcıqlandırdı. Ombudsmana bu cür basqılar dövlət terrorizmininin əlamətidir. Bu, hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Bu bir daha sübut edir ki, qadınları, azyaşlı uşaqları qətlə yetirmiş qüvvələr yenə də heç nədən çəkinməzlər. Onlar nəinki adi insanlara, hətta xarici nümayəndəyə, ombudsmana qarşı da güc tətbiq etməyə çalışdılar. Onu bir neçə gün Ermənistandan çıxmağa qoymamaqlarının da əsas səbəbi məhz dövlət terrorizmi idi.”
Asim Mollazadə bu cür ciddi mövzularda böyük dövlətlərin susmasına da toxundu. O bildirdi ki, onların susması Ermənistanın ərköyün siyasətinin davam etməsinə səbəb olur: “O ki qaldı böyük dövlətlərin bu cür mövzularda sakitlik nümayiş etdirməsinə, bu onlara qarşı ərköyünlük siyasəti həyata keçirtməkdir. Məhz bəzi böyük dövlətlərin susması onlara bu siyasəti davam etdirməyə bir az da imkan yaradır”.
Fatimə İbrahimova