'Adam xalq arasında sənətini paylaşar, yoxsa səviyyəsiz, çılız məsələləri deyil'
Tanınmış sənətkar, muğam ustadı, respublikanın xalq artisti Mənsum İbrahimov AZXEBER.COM-a sənətdən kənar məsələlərlə gündəmə gələn gənc xanım müğənnilərlə bağlı sərt sözlərlə mövqeyini açıqladı. Xüsusilə də, soyunaraq, yarıçılpaq vəziyyətdə şəkillərini sosial şəbəkələrdə paylaşaraq diqqət cəlb etmək istəyənlərə tribunamız vasitəsi ilə mesajlarını yolladı.
“Sənət adamı sənətlə məşğul olursa, onun vaxtı hardadır ki, sənətdən başqa şeylər paylaşsın. Sənət adamı yeni ifalarını, yaradıcılığının yeni uğurlarını, əsərləriylə bağlı yeniliklərini paylaşmalıdır. Ümumiyyətlə, sənətlə ciddi səviyyədə məşğul olan adam xalq arasında sənətini paylaşar, yoxsa səviyyəsiz, çılız məsələləri deyil.
Mən gənc ifaçıları çox dəstəkləyirəm. Onlara hər zaman kömək etməyə çalışıram. Belə şeylər görəndə, hansıları ki, tanıyıram, ünsiyyətim var, onlarla danışıram, iradlarımı bildirirəm. Sənətdən başqa məsələlərlə, xüsusilə də, xırda məişət məsələləri ilə bağlı cılız şəkildə gündəmə gəlmələrini heç qəbul etmirəm. Mən həm də müəlliməm, çoxlu tələbələrim var. Efirdə də müşahidə edirəm bir çoxlarının çıxışlarını, onların oturuşuna, duruşuna, davranışlarına, mədəniyyətlərinə diqqət yetirirəm. Bizim sənətə gələn, sənətdə olan gənc ifaçılarımıza hər zaman deyirəm ki, hər şeydə bizim böyüklərimizdən, ustadlarımızdan örnək götürsünlər. Həm geyim tərzləri ilə, səhnə mədəniyyətləri ilə, həm də ifaları ilə xalqın zövqünü oxşasınlar. Səviyyəsiz şeylərlə yox”.
Soyunaraq gündəmə gələn gənc xanım müğənnilərə isə ustad sənətkarın sözləri çox sərt oldu:
“Ayıbdır, həm də çox ayıbdır. Bunlar bizim xalqımıza, millətimizn mentalitetinə yaraşmayan bir şeylərdir. Çünki bizim xalqın öz adət-ənənələri var. Onlar bir ailənin qızı, övladı, gəlini, həm də gələcəyin analarıdır.
Xüsusilə də, təbii ki, gənc xanımlara, qızlara yaraşdırmıram mən bunları. Bizim çox istedadlı gənc ifaçılarımız var. Mən onlara dəstək verirəm. Muğam ifaçıları arasında belələri yoxdur. İstərdim ki, gənc estrada müğənniləri də yalnız sənətləri ilə gündəmə gəlsinlər. Ayıbdır. Gənc estrada müğənniləri arasında mənə muğam oxumaq üçün müraciət edənlər də olur. Mən onlara da öyrədirəm sənəti. Çünki muğam xalqımızın sərvətidir”.
Orxan