Xəbər verdiyimiz kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda regiondakı mövcud vəziyyətlə bağlı önəmli məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Prezident çıxışında Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının bütün mədəni irsini dağıtmasına da xüsusi ilə toxunub.
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Jalə Əliyeva AZXEBER.COM-a bu fikiri şərh edərkən bildirib ki, Ermənistan 30 il ərzində təkcə insan talelərinə deyil, həm də dünya mədəni irsinin genefonduna da böyük zərbə vurub: "Bütün dünya artıq bilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, bu torpaqların əzəli sakinlərini köçkün vəziyyətində saxlayıb. Eyni zamanda bu torpaqlarda bizim tarixi abidələrimizi də məhv edib. Bu torpaqlarda qalan tarixi muzeylərimiz, qəbiristanlıqlarımız, məscidlərimiz, ziyarətgahlarımız da işğal edilərək yararsız vəziyyətə salınıb. Bundan başqa tarixi şəxsiyyətlərimizin – Bülbülün, Üzeyir Hacıbəylinin, Xurşudbanu Natavanın heykəlləri dağıdılıb”.
Jalə Əliyeva qeyd edib ki, bütün bunlar Ermənistanın bugünkü dünyəvilik nöqteyi-nəzərdən heç bir şəkildə uyuşmayan addımlarıdır: "Kəlbəcərdə bir gecədə "Ağdaban faciəsi” nəticəsində Ustad Aşıq Şəmşir ocağında 16 insanın amansızcasına qətlə yetirilməsi, Aşıq Şəmşir ocağının yadigarı olan əlyazmaların, tarixi ədəbiyyat nümunələrinin yox edilməsi barbarlıq göstəricidir. Bunlar bugünkü dünyəvilik nöqteyi-nəzərdən heç bir şəkildə uyuşmayan addımlardır. Bunun cavabını, Cənab Prezidentin də söylədiyi kimi Ermənistan rəhbərliyi, hərbi - siyasi rejimi və onları dəstəkləyən qüvvələr mütləq verməlidirlər”.
Millət vəkilinin sözlərinə görə, ermənilər gözəl bilirdilər ki, bu torpaqlar heç vaxt onların olmayıb və heç vaxt da olmayacaq: "Cənab Prezidentin bir açıqlamasını heç vaxt unutmuram, Füzuli işğaldan azad olunduğu gün haraya bayraq asaq, deyə soruşmuşdu. Çünki sağ-salamat bircə bina belə qalmamışdı. Onlar geri çəkilərkən belə binalarımızı, təbiətimizi, meşələrimizi yerlə-yeksan etmişdilər. Çünki gözəl bilirdilər ki, bu torpaqlar heç vaxt onların olmayıb və heç vaxt da olmayacaq. Ona görə də, işğal altında saxladıqları illər ərzində də bu ərazilərə düşmən münasibət bəsləyiblər. Bu gün artıq biz o torpaqlarda yenidən varıq. Biz Qarabağa qayıtmışıq və orada nəhəng quruculuq işlərinə başlamışıq. Kaputulyasiyadan 5 gün sonra Cənab Prezidentin Füzuli səfərində bəyan etdi ki, biz Şuşaya yol çəkirik. Çox qısa müddətdə həmiz torpaqlarımız yenidən qurulacaq və əvvəlkindən də gözəl libas geyinəcək. Bununla yanaşı mədəni-mənəvi abidələrimiz də bərpa ediləcək”.
Adın Nuri