ABŞ Dövlət Departamentinin 2012-ci il dünyada insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı məqamlar real həqiqətləri əks etdirmir və bu seçki öncəsi ortaya atılan ilkin təzyiq metodlarından biri kimi qiymətləndirilməlidir.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev ABŞ Dövlət Departamentinin yaydığı son hesabata münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları əlavə edib: “Tanış ssenaridir, köhnə oyunlardır, ənənəvi gedişlərdir. Yenə demokratiya, insan haqqları adı altında dünyaya nəzarət komplektasiyası qurulur.
Tövsiyə xarakterli hesabatlar, pərdə arxasında formalaşdırılan QHT-lər, müxtəlif bölgələrə təhkim olunmuş agentlər vasitəsilə yeni təsir mexanizmləri dövrəyə girir.
Məqsəd isə həmin dövlətlər üzərində qlobal maraq sferasını genişləndirmək, eyni zamanda onlara ümumbəşəri dəyərlər fonunda özlərinə sərf edən şərtləri daha rahat bir şəkildə diktə etmədir.
Təsəvvür edin ki, siyasi sistemdə Yeni Azərbaycan Partiyasının üstün mövqeyi xüsusi irad kimi qabardılır və vurğulanır ki, ölkədə 50-yə yaxın siyasi partiyanın dövlət qeydiyyatından keçməsinə baxmayaraq yalnız hakim partiya geniş siyasi resurslara sahibdir. Nə deməkdir bu? Hansı məntiqin nəticəsidir?
Və ya ölkənin son 20 ilinin bütün seçkilərində şəksiz qələbə qazanan bir partiyanın siyasi sistemdəki yeri alt pillələrdəmi olmalı idi? Yoxsa YAP müxalifət partiyalarının ondan daha güclü olması üçün xüsusi təşəbbüsdəmi bulunmalı idi? Nə olsun ki, 50 partiya qeydiyyatdan keçib?
Onları aktivləşdirmək dövlətin, cəmiyyətin, hakim partiyanınmı borcudur?
Ayrıca, bu sözləri kim desə də Amerika sözçüsü olan bir Departamentin hesabatı deməməlidir axı. Çünki az qala əsrlər boyudur ki, bu dövlətin siyasi səhnəsi iki hegemon partiyanın ölüm-dirim savaşına çevrilib.
Ölkədə kifayət qədər kiçik elektoratlı siyasi partiyaların olmasına rəğmən dünyanın Demokratlardan və Respublikaçılardan başqa tanıdığı yoxdur. Hətta Amerikanın siyasi kuluarlarından xəbərdar olmayanlar güman ki, orada sadəcə iki partiyanın mövcud olduğunu zənn edirlər.
Hesabatın başqa bir bölümündə etnik fəalların, dini ekstremistlərin sözçüləri müdafiə olunur.
Həm də tamamilə təhrif olunmuş məlumatlara, satqın müxalifətin, bəzi casus hüquq müdafiəçilərinin, araşdırmaçı jurnalistika adı altında şeytan bilir hansı missiya daşıyan xədicəkimilərin verdiyi informasiyalara istinadən. Niyə görəsən?
Azərbaycan yenidən 90-cı illərin xaosunamı sürüklənsin? Hələ də torpaqları işğal altında olan bir ölkə bir də saxta dini dəyərlərləmi istila olunsun? Və ya insan hüquqları fövqəl dövlət üçün bu qədər önəmli prioritetdirsə o zaman niyə illərdir öz yaşadığı torpaqlardan didərgin düşən 1 milyon insanın taleyi, BMT-nin palaz boyda 4 qətnaməsi görməzdən keçilir?
Parlament seçkilərindən danışılır. Seçki prosesindəki neqativlərdən bəhs olunur. Oysa, Departamentin hesabat tərtibatçıları neçənci ildə yaşadığımızı bilirlərmi? Az qala növbəti Parlament seçkilərinin bir addımlığında olduğumuzun fərqindələrmi? ATƏT-in, beynəlxalq təşkilatıarın gəldiyi qənaət indimi yada düşdü, indimi xatırlanası oldu?
Məncə ABŞ Dövlət Departamenti Azərbaycan dövlətinə, hakimiyyətinə edilən eyhamlar və xatırlatmalarla bərabər həm də bu suallara cavab verilməlidir. Əks halda etdikləri hər belə uğursuz həmlədə ilk öncə öz səmimiyyətlərini şübhə altına almış olacaqlar”