Onların dilini pişik yeyib

Onların dilini pişik yeyib
Bütün Xəbərlər
16:29 07.10.2014
1462

Seymur Verdizadə

Bayram günləri olduğu üçün vaxtımızın çoxunu ekran qarşısında keçiririk. Ölkədə televiziya kanalları çox olduğundan hərə öz zövqünə görə veriliş seçir. Mən, boş vaxtlarımda tibbi mövzuda olan verilişlərə baxmağa üstünlük verirəm. Axı, yaş artdıqca insan səhhətinin qeydinə daha çox qalır. Amma çox vaxt bu verilişlərdən sonra ovqatım təlx olur, əsəblərim korlanır.

Ötən gün özəl telekanalların birində tibbi mövzuda veriliş nümayiş olunurdu. Proqramın qonağı yarım əsri geridə qoymuş təcrübəli həkim idi. Aparıcı verilişin mövzusunun şəkər xəstəliyi olduğunu deyəndə, stulumu ekrana bir qədər də yaxın çəkdim. Çünki lənətə gəlmiş bu xəstəlikdən heç kim sığortalanmayıb...

İlk sual bir qədər ənənəvi oldu: “Şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?”

Həkim dodağının altında nəsə mızıldansa da, heç nə başa düşmədim. Deyəsən, bu cavab aparıcını da qane etməmişdi. Buna görə də sualı ikinci dəfə təkrarlamaq məcburiyyətində qaldı. Həkim bu dəfə şablon cavab verdi: “Bizim klinikada şəkər xəstəliyinin müalicəsinə tam təminat verilir”.

Aparıcı çətin vəziyyətdə qalmışdı. Görünür, sualları əvvəlcədən hazırladığı üçün ardıcıllığın pozulmasını istəmirdi. Buna görə də bu dəfə sualı daha sadə formada təkrarlamalı oldu: “Mən şəkər xəstəliyinə tutulduğumu necə müəyyən edə bilərəm?”

Həkim qırıq-qırıq sözlər dedi, nəsə izah etməyə çalışdı. Aydın məsələdir ki, mən heç nə başa düşmədim. Bir anlığa təsəvvürümdə ibtidai icma quruluşunda yaşayan insanlar canlandılar. Onlar da əvvəllər əziyyət çəkə-çəkə danışır, bir-birilərini çətinliklə başa düşürdülər. Çünki o vaxt nitq mədəniyyəti hələ formalaşmamışdı...

Hamı natiq ola bilməz. Amma hər bir insan öz fikrini ifadə etməyi bacarmalıdır. Azərbaycanda bu sahədə vəziyyət çox acınacaqlıdır. Arabir idmanla bağlı verilişlərə baxıram. İdmançılarımızın çoxu, xüsusilə də futbolçularımız ard-arda iki cümlə qura bilmirlər. Halbuki türk kanallarını seyr edəndə, bunun əksini görürük. Türkiyədə idmançılar fikirlərini o qədər aydın ifadə edirlər ki, adam onların nitq qabiliyyətinə heyran qalır. Biz türk futbolunun əfsanəvi ismi Hakan Şükürün timsalında dəfələrlə bunun şahidi olmuşuq.

Sənət adamlarımız da danışmağa çatinlik çəkirlər. Onlar mikrofona ancaq ifa aləti kimi baxırlar. Bu adamlar efirlərdən düşməsələr də, hələ indiyə kimi bir dəfə də ağıllı söz danışmayıblar. Əgər dəvət olunduqları verilişlərdə həmin adamlara ifa üçün şərait yaradılmasa, elə bilərəm ki, onların dilini pişik yeyib.

İnsan yalnız danışmaqla özünü təsdiq edə bilər. Əgər özünüzü təsdiq etmək, sağlam yaşamaq, mənəvi cəhətdən rahat olmaq istəyirsinizsə, ürəyinizdən keçənləri dilinizə gətirin. Axı, Allah ağzımızdakı dili bizə ancaq yeməklərin dadına baxmaq üçün verməyib...

OXŞAR XƏBƏRLƏR