“Onların özünü “Toy Olsun”da evləndirmək lazımdır” – AÇIQLAMA

“Onların özünü “Toy Olsun”da evləndirmək lazımdır” – AÇIQLAMA
Bütün Xəbərlər
22:46 03.04.2012
2334
Millət vəkili Bəxtiyar Sadıqovun baş redaktoru olduğu “Azərbaycan” qəzetində dərc edilən “Faciə və kədər günündə çal-çağır” yazısına artıq siyasi düşərgədən da reaksiyalar gəlməkdədir. Məsələ ilə bağlı AZXEBER.COM-a mövqeyini bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikirləri son dərəcə sərt olub:
“Həqiqətən ağrılı bir mövzudur. Azərbaycan TV-lərinə qarşı ikrah hissi yaradan bir faktdır. Ən qəribəsi də budur ki, ünvanlarına deyilən bu qədər söz, bu qədər irad bir qulaqdan alınıb, digərindən verilir. Və mən sizi inandırım ki, bu səviyyəsiz verilişləri ərsəyə gətirənlər, həmin səviyyəsizliyin də, bayağılığın da, biabırçılığın da fərqindədirlər. Fəqət bütün bunları, söyləninənləri ona görə görməzdən gəlirlər ki, ortada yaxşı pul var, reklam paraları var. Belə olan halda isə cəmiyyətin mənəvi zövqü də, böyüməkdə olan nəslin tərbiyəsi də tamamən arxa plana keçir. TV-lərin təbliğatı nəticəsində meydana gələn acınacaqlı durumun nəticəsidir ki, artıq insanlar bəlli saatlarda evlərindəki televizoru açmağa ehtiyat edirlər. Çünki hansısa dəxilsiz bir izdivacı izləmək məcburiyyətində qalacaqlarının fərqindədirlər. Həmin radələrdə pultu hansı kanala çevirsən də, eyni mahiyyətli verilişlərldən xilas olmaq şansın yoxdur. Bir gün, iki gün… Beləcə insan öyrəşir və özü də fərqinə varmadan kiçik, səviyyəsiz, fəqət çox güclü psixoloji təlqin gücü olan toplumun qurbanına çevrilir. Bəxtiyar müəllimin sadaladığı həmin verilişləri hər kim müdafiə edirsə, ilk öncə onların özünü “Toy olsun” da, “Onun yarısı”nda evləndirmək lazımdır. Görüm məqbul sayarlarmı? Əsla!. Amma insanlara bu rəzaləti yaşatmağı, hər gün qapıdan-bacadan kabus kimi girib, evlərimizə soxulub bizi davamlı olaraq iyrəndirməyi özlərinə rəva bilirlər.Bir müddət öncə ölkənin ən ciddi şəxsləri də məsələ ilə bağlı mövqelərini, iradlarını bildirdilər. Amma nə yazıq ki, həmin iradların birbaşa ünvanlandığı məsuliyyətsiz və səriştəsiz insanlar bu barədə ölçü götürmək əvəzinə sanki sürəti daha da artırıb, cəmiyyəti ağır psixoloji bəlalara sürükləməkdə israrlı olduqlarını bir daha sübut etmiş oldular. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yayımlanan və həmin günün mahiyyətinə uyğun gəlməyən verilişlər isə bütün bu sadaladıqlarımın kuliminasiya nöqtəsi idi.Bu cür məsələlərin üzərindən sakitcə ötüb keçmək olmaz! Bunun cavabını kimsə verməlidir! Azərbaycan TV-lərində, bu ölkənin təbliğat məkanında çalışanlar öz gördükləri işi və vəzifələrinin gərəkdirdiyi məsuliyyəti dərk etməlidirlər”.
OXŞAR XƏBƏRLƏR