"Radikal müxalifətin seçkiqabağı Milli Şurasının sədri və prezidentliyə namizəd irəli sürdüyü kinorejissor Rüstəm İbrahimbəyov yenidən Azərbaycana gələsi olmadı. Müxalifətin uzun müddət reklam etdiyi dönüş baş tutmadı”.
AZXEBER.COM-un məlumatına görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, bu dönüşün olmayacağı əvvəldən də aydın idi: “Bunun əsəs səbəbi R.İbrahimbəyovun üzərinə düşən vəzifəyə hazır olmamasıdır. Siyasətdən və dövlət idarəçiliyindən xəbərsiz və hazırlıqsız ahıl insan artıq hansı yükün altında olduğunu başa düşür. Sadəcə gurultulu çıxışların bəs eləmədiyi, cəmiyyətə real proqram və liderlik xüsusiyyətləri nümayiş etdirməyin vaxtı gəlib. Rusiya və Azərbaycan kinorejissorunun isə buna hazır olmadığı aydın olur”.
Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı
A.Mirzəzadə vurğulayıb ki, artıq radikal müxalifət daxilində kiçik qrupun ilkin planı baş tutub: “Müxalifətin azacıq da olsa uğur qazandığı ənənəvi seçki planları dağıdıldı, əvəzində tətbiqi edilən “Milli Şura” planı isə artıq problemlər yaratmağa başlayır. Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı. Çünki, cəmiyyətin müxalif hissəsinə bəyanatlardan və bir nəfərin tərifindən sonra onların fəaliyyəti də lazım idi. Bu fəaliyyət isə yoxdur, çünki buna hazır deyillər. Seçkiyə iki aya qədər bir vaxt qalmasına baxmayaraq Milli Şura və onun namizədi hətta ən zəif namizəddən də az hazırlıq nümayiş etdirdilər. R.İbrahiməbəyovun hansısa bir müsbət PR-dan söhbət gedə bilməz. Sosial baza böyüyə bilmədi, Şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışını isə internetdə cəmi 15 min insan qulaq asıb. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə cox şeydən xəbər verir”.
“Bu situasiyada həmçinin Rüstəm İbrahimbəyov da özünə ayırdığı rola hazır olmadığı dərk edib. Onun böyük çaşqınlıq içində olduğu açıq görünür. İlk bəyanatlarından nəinki cəmiyyəti, hətta öz tərəfdarlarını şoka salan R.İbrahimbəyov hal-hazırda nə etmək lazım olduğunu bilmir. Sadəcə çxışlar və abstrakt fikirlər artıq seçkiqabağı dövrün bu mərhələsində işləmir. Ona görə də o sadəcə olaraq vaxtı uzatmağa çalışır. Nə baş verəcəyi isə onun üçün maraqlı deyil. Onsuzda o siyasətə təsadüfi gəlmişdi. Buna görə də yaxın zamanlarda daha sensasiyalı bəyanatların olacağı tamamilə gözləniləndir”.