“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə

“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
SİYASƏT
12:13 20.10.2025
599
Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib. 

Mövzuyla bağlı Azərbaycan Respublikasının keçmiş maliyyə naziri Fikrət  Yusifov AZXEBER.COM-un suallarını cavablandırıb. 

Müsahibəni təqdim edirik:

— Fikrət müəllim, Ramiz Mehdiyevin həbsi ilə bağlı nə fikirləşirsiniz? 

 - Xəyanət uzun yol gedə bilmir. Bu yolu tutan insanlar anlamalıydılar ki, gec-tez onların əməlləri ifşa olunacaq. Ramiz Mehdiyevin fəaliyyətinə çoxdan bələdəm. İşlədiyim dövrdə onunla eyni komandada çalışmışıq. Həmin dövrdə də onun davranışlarında dövlətçiliyə yaraşmayan, qeyri-normal halların şahidi olmuşam. Bu barədə mediaya da geniş açıqlamalar vermişəm, televiziya çıxışlarımda da qeyd etmişəm. 

- Belə anlaşılır ki, Ramiz Mehdiyev əməllərindən xəbərdar idiniz..

- Bəzən sual olunur ki, əgər bu insan belə xüsusiyyətlərə sahib idisə, nəyə görə uzun illər yüksək vəzifələrdə çalışdı? İnsan bəzən özünə hədəf qoyur, amma təəssüf ki, o hədəf çox vaxt çirkli məqsədlər olur. Bu çirkli məqsədlərə çatmaq üçün isə müxtəlif vasitələrdən istifadə edir, simasını gizlədir, özünü masqalayır. Ramiz Mehdiyev də bu qəbildən olan insanlardandır. Uzun müddət içindəki paslı baxışlarını, kirli düşüncələrini maskalaya bilib. Amma zaman hər şeyi üzə çıxarır. 

- Sizcə Ramiz Mehdiyevi hansı aqibət gözləyir? 

- Mehdiyevin 87 yaşında,  əməllərinin üstü açıldı. Bu, böyük bir ayıbdır. İnsan ömrü boyu qazandığı maddi və mənəvi dəyərləri bir gün itirə bilər. Artıq onun ətrafında olan bütün nəsil və nəslin nümayəndələri "Ramiz Mehdiyev xainidir” damğası ilə yaşayacaqlar. Onun ailəsi, yaxınları və ətrafı da bu damğanın ağırlığını daşıyacaq. Ramiz Mehdiyev özü və ailəsi üçün qazandığı "miras” budur.

— Mətbuatda, xüsusilə keçmiş məmurlar və nazirlər arasında belə fikirlər səslənir ki, Ramiz Mehdiyev hər zaman şəxsi maraqlarını dövlət maraqlarından üstün tutub. Sizdə, bunun şahidi olmusuz? 

— Mən də bu fikrin canlı şahidiyəm. Onunla iş prosesində dəfələrlə təmaslarımız olub. Hər dəfə onun müraciətlərinin arxasında şəxsi, siyasi, iqtisadi və maliyyə maraqları dayanırdı. Buna görə də mən onu dövlətçi adam kimi qəbul etmirdim. Çox vaxt onun təkliflərinə kəskin reaksiya verirdim. nəticə etibarilə,  münasibətlərimiz gərginləşirdi. Buna görə də həmişə mənə pislik etməyə çalışırdı. Mən sonradan parlament seçkilərində iştirak etmək istəyəndə də mənə qarşı bir əngəl kimi istifadə olunurdu. Halbuki mənim məqsədim dövlətimə xidmət göstərmək idi.

— Bu gün də iddia olunur ki, Ramiz Mehdiyevin yaxın kadrları hələ də dövlət qurumlarında və Milli Məclisdə təmsil olunurlar. Həqiqətən də onun kadrları dövlət strukturlarına sirayət edibmi? 

- Düşünürəm ki, bu, həqiqətə uyğundur. Çünki 25 il ərzində ölkədə kadr məsələlərinin əsas həll edən vəzifə sahibi idi. Bu sahədə ona göstərilən etimad, yandırılan yaşıl işıq heç kəsə göstərilməyib.  O, rayon icra başçılarının, nazirlik və komitə rəhbərlərinin, dövlət qurumlarında çalışan bir çox vəzifəli şəxslərin təyin olunmasında əsas söz sahibi idi. Hətta parlament seçkilərində belə, kadrların müəyyən edilməsində onun rolu həlledici idi. Bu səbəbdən onun xətti ilə vəzifəyə gətirilən insanlar da sistemdən təmizlənməlidirlər. Çünki o, öz baxışlarına uyğun adamları dövlət qurumlarına gətirirdi və bu baxışlar dövlətçilik üçün qəbuledilməz idi. 

- Son olaraq nə demək istərdiz…

- Ramiz Mehdiyev və komandasında olan şəxslərin mülkləri dövlətə qaytarılmalıdır
Ramiz Mehdiyev və komandası, eyni zamanda ailəsi və illərlə müxtəlif vəzifələrə yerləşdirdiyi şəxslər dövlət strukturlarında olublar. Onların malik olduqları əmlaklar da dövlətə qaytarılmalıdır. Çünki həmin əmlaklar zəhmətlə deyil, müxtəlif qanunsuz yollarla əldə olunub. Bu cəmiyyətdə digərləri üçün bir nümunə olmalıdır. Hər kəs görməlidir ki, xəyanətin sonu budur.

Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR