Siyavuş Novruzov bildirib ki, parlament əleyhinə yazan qəzetlərin parlamentdəki müxbirlərinin akkreditasiyası ləğv olunmalıdır: “Nə vaxt düzələrlər, o vaxt akkreditasiyaları bərpa olunar”.
Millət vəkili İqbal Ağazadə isə qeyd edib ki, kiminsə mətbuatda aşağılanmasının tərəfdarı deyil: “Amma bu gün mətbuatın üzərinə gedənlər düşünürlərmi ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin nə qədər məhkəmə cərimələri var? Mən iqtidar qəzetlərində təhqir olunmuşam, amma onları məhkəməyə verib, cərimələtməyə çalışmamışam. Mətbuatın üzərinə getməkdənsə, bir az da özümüzə baxaq. Burada çıxış edən millət vəkillərinin çoxu dəfələrlə müxalifət barədə təhqiramiz fikirlər işlədib. Bunu kimin üzərinə yazaq? Azərbaycanda normal vətəndaş cəmiyyətinin yaradılması məsuliyyəti böyük mənada müxalifətin deyil, iqtidarın üzərindədir. Sərbəst toplaşmaq azadlığından danışırsınız. Niyə bir dəfə məhkəmə aksiyalar icazə verməyən Bakı meriyasının qərarının səhv olduğu barədə qərar çıxarmayıb?”Spiker Oqtay Əsədov bildirib ki, hələ “Diffamasiya haqqında” qanun qəbul olunmayıb, bu qədər təhqirlər yazılır: “Bu qanun qəbul olunsa, vəziyyət necə olacaq?”