Suriya ordusu Xumsun 20 kilometrliyində yerləşən Rastan şəhərini bombalayır. Bölgədən gələn məlumatlara görə, şəhərdəki bombardman əsnasında dördü uşaq olmaqla 7 nəfər ölüb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, xalqın şəhərdən qaçmağa başladığı, 2 mindən çox suriyalının Livana sığındığı bildirilib.
Xumsun Baba Amr qəsəbəsində də bombardman davamedir. Ordu hissələrinin silahlı müxaliflərin çəkildiyi bölgədə qətliam törətdiyi xəbər verilir. Müxalifətin verdiyi məlumata görə, Əsada bağlı qüvvələr ev-ev gəzərək 11 yaşından yuxarı oğlan uşaqlarını həbs edirlər və bəzilərini öldürürlər.
Baba Amrda yaralanan ingilis jurnalist Pol Konroyun bildirdiyinə görə, ordu hissələri Baba Amrı bombalayarkən silahlılarla dinc vətəndaşları ayırmayıblar: "Oradakı binaları içində yaşayan insanlarla birlikdə yox etmək istəyirdilər. Biz orada dinc insanların sistematik şəkildə qətlə yetirildiyinə şahid olduq".
Şahidlər şəhərə dərman və ərzaq yardımı aparmağa çalışan Qızılxaçın bölgəyə girişinə də icazə verilmədiyini bildiriblər. Rəsmi Dəməşq bunu təhlükəsizlik arqumenti ilə izah edir, müxaliflər isə Əsad rejiminin qətliamı gizləməyə çalışdığını bildirir.