Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov qondarma Dağlıq Qarabağ Respublikası ərazisində Xankəndi aeroportunun istismara verilməsi ilə bağlı bildirmişdir: “Azərbaycan dövlətinin sərhədləri, həmçinin hava sərhədləri toxunulmazdır və Azərbaycanın icazəsi olmadan məqsəd və məramından asılı olmayaraq istifadə edilə bilməz. Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən hər bir fəaliyyət qanunsuzdur. Həmin ərazilərdə uçuşların keçirilməsi bizi ciddi narahat edir və erməni hökumətinin bu provokativ hərəkətləri sülh danışıqları çərçivəsində məsələnin həllinə ciddi xələl gətirir. Ərazidə həyata keçiriləcək qanunsuz fəaliyyətlə bağlı Azərbaycan dövlətinin uyğun tədbirlər görəcəyinə əminik. Azərbaycan dövlətinin, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz uçuşların qarşısının alınmasında istənilən mexanizmlərdən istifadə etmə hüququ vardır. Bu məsələ ilə bağlı nəinki Dağlıq Qarabağın Azərbaycanlı icması, eləcə də hər bir Azərbaycan vətəndaşı cənab Prezidentimizin verəcəyi hər bir qərarı dəstəkləyir!”
“Artıq Ermənistan tərəfi bir neçə müddətdir ki, Xocalı aeraportunu Xankəndi aeroportu kimi istifadəyə verməyə çalışır və qeyd edir ki, buradan uçacaq təyyarələr mülki təyyarələr olacaq və onların vurulması beynəlxalq hüquq normalarına ziddir. Lakin Ermənistan tərəfi bilməlidir ki, qondarma “Dağlıq Qarabağ Respubikası”nın təyyarələrinin hansısa başqa ölkənin hava məkanından keçməsi üçün onun Beynəlxalq Mülki Aviasiya Təşkilatı İCAO-ya üzv olması zəruridir. Lakin Dağlıq Qarabağ tanınmamış respublikadır, ona görə də onu bu təşkilatın sıralarına heç kim qəbul edə bilməz. İCAO-nun üzvü olan Azərbaycandır! Dağlıq Qarabağ və ətraf rayonlar isə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş əraziləridir. Bu məsələdə beynəlxalq mülki aviasiya normaları tamamilə Azərbaycanın tərəfindədir. İCAO açdığı müvafiq kod olmadan Dağlıq Qarabağda hava limanının fəaliyyətə başlaması mümkün deyil və əgər bu baş verərsə Azərbaycan tərəfi öz mevqeyinin üzərində dayanacaqdır. Azərbaycan, hava məkanını qeyri qanuni pozan istənilən təyyarənin vurulması haqqına malikdir. Bütün beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünu, müstəqilliyini və suverenliyini tanıyır və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir!
Beynəlxalq təşkilatlar və eləcədə ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı öz qətiyyətli mövqelərini göstərməlidirlər. Onlar bu tip addımın atılmasına imkan verməməlidirlər, çünki bu cür təşəbbüslər nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək rifahına və inkişafına çox ciddi zərbə vurmaqdadır.