"Bizim regionda atom-elektrik stansiyaları və müxtəlif radiasiya mənbələri mövcuddur. Ermənistanda Metsamor Atom Elektrik Stansiyası fəaliyyət göstərir, həmçinin Türkiyədə, Rusiyada və digər ölkələrdə də belə stansiyalar var. Buna görə də radiasiya təhlükəsizliyi məsələsi bizim üçün son dərəcə aktualdır”.
Bunu AZXEBER.COM-a açıqlamasında tanınmış radioloq həkim Aydın Əliyev bildirib.
O deyib ki, radiasiya mənbələri iki əsas qrupa bölünür:
"Təbii radiasiya mənbələri, yəni torpaq qatında, müxtəlif sənaye və tikinti materiallarında rast gəlinən radiasiya. İkincisi isə atom-elektrik stansiyaları, eləcə də silah məqsədilə istehsal oluna bilən radionuklidlərlə bağlı təhlükələr. Hər iki halda ölkədə radiasiya monitorinqi aparan stansiyalar fəaliyyət göstərməlidir. Çünki müxtəlif ərazilərdə radiasiya təhlükəsi yaranması, yaxud əhalidən daxil olan məlumatlar dərhal araşdırılmalıdır”.
Ekspert deyib ki, radiasiya xüsusilə tikinti materiallarında olur:
"Son illər çoxmərtəbəli binaların sürətlə tikilməsi səbəbilə materialların radiasiya fonunun mütləq yoxlanması vacibdir. Çünki bəzi materiallarda radiasiya səviyyəsi normadan yüksək ola bilər. Bəzən yaşayış binalarında yaşayan insanlar tez-tez xəstələndiklərini deyirlər. Radiasiya təsirlərindən biri məhz immun sisteminin zəifləməsidir. Əgər hər hansı obyektin və ya tikinti materialının istifadəsində təhlükə müəyyən edilərsə, radiasiya əleyhinə tədbirlər gücləndirilməlidir və monitorinq cihazlarının sayı artırılmalıdır”.
Radioloq qeyd edib ki, radioaktiv maddələr toz, su, hava və qida vasitəsilə yayılaraq həm insanlara, həm də ətraf mühitə keçə bilər:
"Radioaktiv maddələr toz, su, hava və qida vasitəsilə yayılaraq həm insanlara, həm də ətraf mühitə keçə bilər. Radiasiya qəzası zamanı radionuklidlər havaya qalxaraq küləyin istiqamətindən asılı olaraq onlarla, hətta yüzlərlə kilometr məsafəyə yayıla bilər. Radiasiyanın təsiri həm kəskin, həm də xroniki şəkildə özünü göstərə bilər. Xroniki təsirlərə misal olaraq, 1945-ci ildə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılan atom bombalarının nəticələri bu günə qədər davam edir. Məsələn, uranın yarımparçalanma dövrü milyon illərlə davam edir. Bu isə o deməkdir ki, ətraf mühitə düşmüş radiasiya əsrlər boyu insanlar, heyvanlar və bitkilər üçün təhlükə mənbəyi olaraq qalır. Radiasiya ikinci mərhələdə qida, su və kənd təsərrüfatı məhsulları vasitəsilə də insanlara keçə bilər”.
A.Əliyev vurğulayıb ki, radiasiyadan qorunmağın bir neçə yolu var:
"Şübhəli radiasiya mənbəyi aşkar olunarsa, bu barədə dərhal aidiyyəti dövlət qurumuna məlumat verilməlidir. Birinci qoruyucu addım həmin ərazidən insanların uzaqlaşdırılmasıdır. Əgər radiasiya ilə bağlı daha ciddi təhlükə yaranarsa, insanlar fərdi qoruyucu vasitələrlə - qurğuşunlu geyimlər, xüsusi maskalar və digər vasitələrlə təmin edilməlidir. Belə hallarda əhali vaxtında maarifləndirilməli, təhlükə yaranan ərazilərdə sığınacaqların mövcudluğu barədə məlumat verilməlidir”.
"Yüksək doza radiasiyaya məruz qaldıqda ürəkbulanma, qusma, halsızlıq kimi hallar yarana bilər. Bir neçə gün sonra dəridə sululuqlar, yaralar, qızartılar yaranır. Eyni zamanda saç tökülməsi, qan göstəricilərinin kəskin aşağı düşməsi kimi hallar müşahidə edilir. Cinsi orqanlar radiasiyaya qarşı xüsusilə həssasdır. Buna görə də yüksək dozaya məruz qalma gənclərdə sonsuzluğa səbəb olur. Uzunmüddətli təsirlər isə mutasiyalar, xərçəng xəstəlikləri və digər ağır fəsadlarla özünü göstərə bilər”-, deyə radioloq bildirib.
Şahanə Ziyad










































