Bir ara cəbhəçilərin mobil telefonlarının ekran rəsimlərində, sosial şəbəkələrdəki hesablarında “Əli Kərimli - Azərbaycanın gələcək prezidenti” yazısı və yanında Əli Kərimlinin şəkli olan bir foto görürdük.
Az-çox bu xəyalın gərçəkliyinə özünü inandıranlar var idi. Amma birmənalı olaraq xalq cəbhəsinin əleyhinə işləyən və cəbhəni bədii dil ilə desək, oyundan kənarda -“ofsayd”da saxlayan Milli Şura layihəsi çıxandan sonra hələ Müsavat başqanının öz ehtiyat namizədliyini də saxlaması, üstəlik Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməyinin hüquqi cəhətdən yolverilməz olması məsələsi cəbhəçiləri bir xeyli kədərləndirdi.
Buna görə də cəbhəçilər birmənalı şəkildə xəyal qırıqlığına uğrayıblar. Çünki illərdir anti-Azərbaycan mövqeyi sərgiləyən partiya rəsmilərinin tək istəyinin, tək davasının vəzifə olduğunu siyasətdən bir az da olsa anlayışı olan hər bir ölkə vətəndaşı başa düşər. O rəsmləri cəbhəçilər çoxdan unudub, amma cəbhəçilərin AXC-nin yaranmasının ildönümündə sosial şəbəkədə çıxardıqları "Cəbhəçi olmaq qürurvericidir" və sair kimi pafoslu danışıqlar bir daha sübut etdi ki, tək bacardığı iş pafoslu çıxış etmək olan Əli Kərimlinin sədri olduğu partiyanın gəncləri də heç sədrlərindən geri qalmır.
Cəbhəçilər deyir ki, seçkilərə kimi bütün rayonlara gedəcəyik. Bəli, çox gözəl təşkilatlanırlar. Hər rayonda "tras"ın qırağında yerləşən 1 manatlıq çayxanada 10-15 nəfər avara adam tapıb şəkil çəkdirirlər və deyirlər ki, filan rayon təşkilatı yaradıldı.
Bəs binası? Strukturu? Fəaliyyət mexanizması?
Maşınla yolun qırağından keçəndə əkin sahəsində işləyən bir kasıb kəndliylə dialoqa girirlər. Siyasi vəziyyətlərdən xəbəri olmayan, tək istəyi nə cür olur olsun, 5-10 manat bundan artığım olsun deyən vətəndaşı inandırmağa çalışırlar ki, bizi belə dəstəkləyirlər, sayımız çoxdur, bu il prezident seçkilərdində biz qalib gələcəyik və s. kimi yalanları dedikləri kəndli birinci dəfə söhbət etdiyi cəbhəçidən eşidir bu il prezident seçkilərinin olacağını. Rayonlarda əsasən prezident seçkilərinin keçirilməsindən bixəbər olan insanları əhatəsinə ala bilirlər. Yəni cəbhəçilər təşkilatlanmaq dedikdə belə ucuz yollarla, yalan vədlərlə vətəndaşları özünə cəlb edirlər. Keçən dəfə AXCP GK-nın “Facebook” dakı səhifəsində bir 15 yaşlı gəncin “Mən də sizin partiyaya üzv olmaq istəyirəm. Bunu necə edə bilərəm?”sualına AXCP GK koordinatoru bir link keçidi göndərib : “Bu anketi doldurun, biz sizinlə əlaqə saxlayacağıq”cavabı verdi. Amma AXCP nümayəndəsindən soruşmaq lazım deyilmi ki,15 yaşında partiya mənsubiyyəti almaq hansı hüquqi normaya sığır? Daha sonra əməkdaşlıq edə bilərsiniz, bu yaşda və sair kimi cümlələr desələr də, həddi-buluğa çatmamış şəxsləri öz çirkin siyasi oyunlarına qatanlardan soruşulmalıdır ki, bura siyasi partiyadır, ya uşaq bağçası?
“Yediyi çörəyə təpik atan" vətəndaşların, vaxtı ilə iqtidar postundakı yerlərini itirmiş və bu səbəbdən də iqtidara qarşı olan, illərdir anti-Azərbaycan mövqeyi sərgiləyən və Demokratik qüvvələrinin hakimiyyətə gəlməsi halında "Qafqazda ancaq və ancaq sülh olacaq" deyən, bir sözlə Qarabağ torpağını yadelliyə güzəştə gedib, məhz elə xarici qüvvələrin əlini çiynində hiss edən müxalifət liderlərinin birləşməsi olan Milli Şuranın siyasi divident qazanmayacağı əvvəldən məlum idi və artıq bu öz təsdiqini tapıb. “Rüstəm baba, xoş gəldin” plakatları ilə mayın 31-i Heydər Əliyev adına Hava Limanına toplaşmaq istəyən Milli Şura təmsilçilərinin plakatları elə deyəsən uzun müddət stolların üstündə qalacaq. Elə stol demişkən, adətən Müsavatın qərargahında yığışan, amma böyüyündən kiçiyinə Müsavata daş atan Cəbhəçilər, süni birlik formasında olan Milli Şuranın parçalanmağında daha aktivdirlər. Özlərindən soruşsanız, "Yox, əksinə, birliyi yaradan bizik”. “Bölgələrdən dəstək yığan bizik” desələr belə, cəbhəçilərin “Facebook”dakı statusları , həm də ki,əməlləri bunu deməyə sövq edir. Küçədə boş-boş dolanan “Vendetta” filmini izləyib və bir neçə inqilab kitabı oxuyan aktivist gənclər isə Milli Şuranı sakit oturmaqda günahlandırır və təkbaşına etiraz etməyə qalxırlar. Elə bir neçə gün bundan əvvəl Nizami küçəsində çox gülməli bir etiraz aksiyası etmişdilər. Aksiyaya az qalmış müxalifətçi gənclər arasında sosial şəbəkələrdə qarşıdurma yaranmış, çox az sayda insan tərəfindən bu aksiya dəstəklənmişdi. Milli Şura mitinqlərə özü baxacağını , özü təşkil edəcəyəni dediyi üçün Rüstəm “baba” larını gözləyən müxalifət gəncləri hələ ki sakitdir. Bir ara Liderlərinin əminliklə "31 iyul, saat 12-də “Tbilisi-Bakı” reysi ilə Bakıya gəlirəm" deyəndən sonra sevincək olan müxalifət birliyi, kinorejissor liderlərinin özlərini yenə də uğursuzluğa aparacaq olan ssenarisindən bixəbərdirlər.
Cavid Süleymanov