"Pakistan Azərbaycan torpaqları azad edilməyənə qədər Ermənistanı tanımayacaq"

Bütün Xəbərlər
10:48 04.02.2011
1966

BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarlarının implementasiyası mexanizminin olmaması Kəşmir və Qarabağ problemlərinin nizamlanmasına mane olur. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid cümə günü mətbuat konfransında bəyan edib.

“Azərbaycan və Pakistan Kəşmir və Dağlıq Qarabağla bağlı oxşar problemlərə malikdir. Biz onların həlli üçün BMT, İslam Konfransı Təşkilatı və digər qurumlarda sıx əməkdaşlıq edir, ədalətli vahid mövqedən çıxış edirik”, - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.

Bununla yanaşı, diplomat BMT qərarlarının implementasiyası mexanizminin olmamasının TŞ-nin Kəşmir və Qarabağa dair qətnamələrinin icrasına mane olmasından şikayətlənib.

Səfir bildirib ki, İslamabad Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsinə qarşıdır. “Biz qəti sürətdə bəyan etmişik ki, TŞ-nin qətnamələrini yerinə yetirməkdən imtina edən ölkə bu qurumun üzvü ola bilməz”, - deyə Ə.Həmid vurğulayıb.

“Torpaqların işğalı, insan hüquqlarının pozulması, BMT-nin qətnamələrinin yerinə yetirilməməsi – bütün bu amillər Kəşmir və Qarabağ münaqişələrini oxşar edir”, - səfir qeyd edib.

O bildirib ki, Pakistan torpaqların işğalı probleminin həllində Azərbaycana dəstək göstərməkdə davam edəcək və Azərbaycan torpaqları azad edilməyənə qədər Ermənistanı tanımayacaq.

Ə.Həmid xatırladıb ki, Pakistan vaxtilə BMT TŞ-də rəhbərliyi dövründə Dağlıq Qarabağa dair birinci qətnamənin qəbulunu dəstəkləyib.

Səfir qeyd edib ki, iki ölkə hərbi-texniki sahədə sıx əməkdaşlıq edir.

Bununla yanaşı, diplomat Qarabağ probleminin sülh yolu ilə həllinə ümidvar olduğunu bildirib.

Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayonunu işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Qarabağda və onun ətrafındakı rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi – Rusiya, Fansa və ABŞ vasitəsilə tərəflər arasında münaqişənin həllinə dair danışıqlar aparılır.

Dağlıq Qarabağın statusu məsələsi bu regionla bağlı danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini bir araya gətirməyə çalışırlar: ərazi bütövlüyü (Bakının əsaslandığı) və millətlərin öz müqəddəratını təyin etmək hüququ (İrəvanın yanaşması).

 

OXŞAR XƏBƏRLƏR