Ermənistan və Pakistanın diplomatik nümayəndələri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər. Məlumata görə, səfirliyin gələn il açılması planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi də məlumatı təkzib etməyib.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlamasında deyib ki, əvvəllər Ermənistan və Pakistan arasında diplomatik münasibətlər mövcud olmayıb:
"Ermənistan və Pakistan arasında diplomatik münasibətlər mövcud deyildi. Eyni zamanda Pakistan Ermənistanı dövlət olaraq tanımırdı. Bu vəziyyət isə tarixə qovuşan Qarabağ problemi ilə bağlı olub. Buna görə Pakistanın Ermənistanda səfirliyi və nümayəndəliyi yox idi. Artıq Qarabağ məsələsi həll olunub və Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına doğru irəliləyir. Hazırda münasibətlərin normallaşdırılması mərhələsindəyik. Azərbaycan və Ermənistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, sülh dövrü başlayır”.
Ekspert deyib ki, Pakistan sözügedən proseslə bağlı Azərbaycanın mövqeyini öyrənib:
"Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmasına mane olan amillər aradan qalxdığına görə iki ölkə arasında əlaqələrin formalaşdırılmasında hər hansı narahatedici məqam qalmayıb. Gələcəkdə hər iki ölkənin bir-birinin ərazisində səfirlik açmasını müşahidə edəcəyik.
Hesab edirəm ki, bu məsələ Azərbaycan və Pakistan arasında əvvəlcədən razılaşdırılıb. Pakistan sözügedən proseslə bağlı Azərbaycanın mövqeyini öyrənib”.
Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub.
Şahanə Ziyad










































