Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri: “12 partiya yekdilliklə bu qətnaməni dəstəkləyib”Bu gün Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti mətbuat konfransı keçirib. Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan deyib ki, Pakistan Ermənistanı rəsmən dövlət kimi tanımayan 3 dövlətdən biridir. Səlim Seyfulla Xan Pakistanın da Azərbaycan kimi təcavüzə məruz qaldığını bildirib. O, Kəşmir əhalisinin azadlığa qovuşması üçün BMT tərəfindən qətnamə qəbul edildiyini xatırladıb: “Biz münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali Azərbaycanı yaxından tanıyır və dəstəkləyir. Məhz Mir Can Camainin təşəbbüsü ilə Pakistan Senatının Xarici əlaqələr komitəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib. Pakistan Senatında 12 siyasi partiya təmsil olunur. Partiyalar komitələrdə də təmsil olunur və buna görə də komitələrin birində qəbul edilmiş qətnamə ümumən Pakistan Senatında qəbul edilmiş qətnamə sayılır. 12 partiya yekdilliklə bu qətnaməni dəstəkləyib”.