Pakistanda orduyla hökumət arasında böhran dərinləşir.
AZXEBER.COM-un "TRT"yə istinadən verdiyi xəbərə görə, baş nazir Yusif Rza Gilani hərbçi kökənli Baş Müdafiə İdarəsi rəisi, istefada olan general Naim Xalid Lodhini vəzifədən uzaqlaşdırıb. Baş nazirlikdən verilən açıqlamada Lodhinin vəzifəsindən sui-istifadə etdiyi və hüquqa zidd davrandığı bildirilib.
Pakistan ordusunun reaksiyası da gecikməyib. Ordudan verilən açıqlamada Lodhinin uzaqlaşdırılmasının ciddi nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Ordu Lodhinin qanun və qaydalara uyğun davrandığını, vəzifədən uzaqlaşdırılması ilə bağlı arqumentlərin doğru olmadığını bəyan edib.
Pakistanda böhran keçən ilin may ayında ölkənin Vaşinqtondakı səfiri Hüseyn Hakkaninin ölkəsində planlaşdırılan hərbi çevrilişə qarşı Amerikadan dəstək istədiyinə dair iddialarla başlayıb.
Səfirin prezident Asif Əli Zərdarinin təlimatıyla ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisi Mayk Müllenə bir not göndərərək dəstək istədiyi bildirilib. Ordu isə çevriliş iddialarını rədd edib.