"Paltarı yandırdıq" - Evə basqın edən maskalılar saxlanıldı

"Paltarı yandırdıq" - Evə basqın edən maskalılar saxlanıldı
SOSİAL
17:30 24.10.2017
1205

Oktyabrın 19-da Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qızqayıd Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücum edərək quldurluq cinayəti törətməsi barədə məlumat daxil olub.

AZXEBER.COM ARB TV-a istinadən xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin, rayon sakinləri - Yusif Abasov və Şamxal Şirinov tərəfindən törədildiyi müəyyənləşdirilib və adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Araşdırma zamanı qeyd edilən evə basqın etməyi zərərçəkənlərin qonşuluğunda yaşayan Y.Abasovun təklif etdiyi məlum olub.

Hadisə zamanı isə ev sahibinin azyaşlı nəvəsi onun üzündə olan maskanı çıxardıb. Bu səbəbdən Y.Abasov tanınacağından qorxaraq Ş.Şirinovla birgə evdən qaçaraq hadisə yerindən uzaqlaşıb.

Yusif Abbasov - Saxlanılan şəxs: "Küçədə görüşdük, planlaşdırdıq, axşam evdən əlcək, papaq, bıçaq götürdük. Həyətə girdik, Şamxal birini tutdu, mən də qalxdım yuxarı. Yuxarıda birini tutmuşdum, biri də papağımı çıxartdı. Düşdük qaçıb getdik. Paltarı yandırdıq".

Şamxal Şirinov - Saxlanılan şəxs: "Yusif mənə dedi ki, ev var, 2-3 min pul var. Qadını tutdum, o yuxarı qalxdı. Onun maskası çıxdı qaçdı. Mən də onuna ardınca çıxdım. Papağı, bıçağı atdım".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Hacıqabul RPŞ-yə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR