BMT-nin Baş katibi Azərbaycanı bu təşkilata daxil olmasının 20-illiyi və Təhlükəsizlik Şurasına sədrliyi münasibəti ilə təbrik edib. APA-nın un.org saytına istinadən verdiyi xəbərə, bu münasibətlə keçirilən tədbirdə Pan Ki Mun Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək deyib ki, BMT Azərbaycanın demokratik və çiçəklənən dövlət olmasına bundan sonra da dəstək verəcək.Eyni zamanda o, prezident İlham Əliyevi may ayında TŞ-yə sədrlik edəcəyi münasibətlə təbrik edib.BMT-nin Baş katibi qeyd edib ki, Azərbaycan çox sahələrdə BMT ilə uğurla əməkdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair aparılan danışıqlarda nəticənin əldə olunmamasını deyən Pan Ki Mun ümid edib ki, sülh danışıqları prosesi ATƏT Minsk Qrupu çərçivəsində daha da intensivləşəcək.O bildirib ki, Azərbaycan BMT TŞ-nin müvəqqəti üzvü olaraq 2012-2013-cü illərdə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında öz töhfəsini verəcək.Pan Ki Mun İlham Əliyevin sədrliyi ilə keçiriləcək TŞ-nin terrorizmlə bağlı iclasının çox önəmli olduğunu deyib.