Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın hazırlanmasının vacibliyini bildirib.
Papuaşvili bu barədə Romada keçirilən Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin Avropa Konfransında çıxışı zamanı danışıb.
Ş. Papuaşvilinin sözlərinə görə, gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır. O bildirib ki, xarici maliyyə mənbələrinin şəffaflığının təmin edilməsi demokratik dəyərlərdən uzaqlaşmaq deyil, əksinə, onların qorunması vasitəsidir.
Parlament sədri dezinformasiya, kiberhücumlar, gizli maliyyələşdirmə və xarici müdaxilənin bir-birini gücləndirən hibrid təhdidlər olduğunu qeyd edib. O, Gürcüstanda iki il əvvəl keçirilən seçkiləri misal çəkərək seçki pozuntuları ilə bağlı əsassız iddiaların cəmiyyətdə qütbləşməni dərinləşdirdiyini və seçki prosesinə ictimai etimadı sarsıtmağa yönəldiyini bildirib.
Ş. Papuaşvili Avstraliya, Kanada, Fransa, Böyük Britaniya və ABŞ də daxil olmaqla, bir sıra ölkələrin xarici maliyyələşdirmə və şəffaflıqla bağlı qanunvericiliklərini sərtləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətlər ölkənin siyasi məkanına daxil olan maliyyə və təsir barədə məlumat əldə etməli, bu sahədə hesabatlılığı təmin etməlidir.
"Suverenliyə hörmət edən, xarici müdaxilənin və maliyyələşdirmənin şəffaflığını təmin edən, hesabatlılıq və razılıq prinsiplərinə əsaslanan beynəlxalq standart yaratmağın vaxtı çatıb", - o qeyd edib.
///report///











































