İspaniyanın "Barselona” klubu UEFA-ya rəsmi müraciət edərək, Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən matçda PSJ azarkeşlərinin nümayiş etdirdiyi qalmaqallı bannerin və davranışların araşdırılmasını tələb edib.
AS nəşri xəbər verir ki, oktyabrın 20-də "Park de Prens” stadionunda baş tutan qarşılaşmadan öncə parisli azarkeşlər tribunada dəhşətli səhnə əks olunmuş böyük banner açıblar.
Məşhur "Texas Chainsaw” (Texas qətliamı) filmindən ilhamlanan bannerdə "Leatherface” obrazının elektrikli mişarla "Barselona”nın gerbini parçalaması təsvir olunub. Bu şou "Massacre à la parisienne” ("Paris üslubunda qətliam”) yazısı və mişardan sıçrayan qığılcımları imitasiya edən pirotexniki vasitələrlə müşayiət olunub.
Nəşr yazır ki, Kataloniya klubunun rəhbərliyi dərhal matçda iştirak edən UEFA nümayəndəsini məlumatlandıraraq bannerin məzmununa hüquqi qiymət verilməsini tələb edib. Bundan əlavə, "Barsa” rəhbərliyi tribunadan "Puta Barça” (Lənətə gəlmiş, "Barsa”) təhqiramiz ifadələri yazılmış digər plakatların da yığışdırılmasını tələb edib.
Onu da bildirək ki, hadisə İspaniya mediasında böyük rezonans doğurub. "Cadena SER” telekanalının məşhur şərhçisi Manu Karenxo təhlükəsizlik xidmətinin gözü qarşısında belə bir təcavüzkar bannerin stadiona necə buraxılmasına təəccübünü bildirib. Ən diqqətçəkən Məqam isə odur ki, bütün bu baş verənlər "Park de Prens”in fəxri lojasında əyləşən UEFA prezidenti Aleksander Çeferinin gözləri qarşısında olub.
Qeyd edək ki, UEFA-nın intizam qaydaları stadionlarda zorakılığı təbliğ edən, təhqiramiz və ya təxribat xarakterli mesajların nümayişinə, habelə pirotexnikadan istifadə olunmasına görə sərt sanksiyalar nəzərdə tutur. Meydan sahibi kimi təhlükəsizliyə məsuliyyət daşıyan PSJ-yə qarşı intizam işi açıla bilər.
Xatırladaq ki, Parisdə keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
///qafqazinfo///












































