AZXEBER.COM-un məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin dünənki sessiyası axşam saatlarında davayla bitib.
Davaya səbəb Ədalət və İnkişaf Partiyasının TBMM nizamnaməsinə dəyişikliklər təklifi müzakirə edilərkən Cümhuriyyət Xalq Partiyası millət vəkillərinin parlament kürsüsünü işğal etməsi olub.
Günorta saat 13:00-da iclas başlayıb. Cari məsələlərin və fraksiyaların təkliflərinin müzakirələrindən sonra fasilə verilib. Saat 19:00-da müzakirələri başa çatan və üzərində razılıq əldə edilməyən nizamnamə dəyişikliyi təklifinin müzakirələri başlayıb. Daha doğrusu,buna cəhd olub. Parlament sədri Cəmil Çiçək təklifin maddə-maddə müzakirəsinə başlandığını açıqlayıb və birinci maddəylə bağlı sualın olub-olmadığını soruşub.
Amma CXP müzakirələrin başlamasına mane olub. Partiyanın deputatları gələn bir mesajdan sonra əvvəlcə komissiya üzvlərinin yerlərində oturub alqışlarla müzakirəyə mane olublar , sonra isə çıxış kürsüsünün ətrafını mühasirəyə alıblar.
TBMM sədri Cəmil Çiçək əvvəl CXP-nin, sonra isə BDP-nin müzakirələrə mane olması səbəbilə 3 dəfə fasilə veriB. iki dəfə isə fraksiya rəhbərləriylə toplantı keçirib. Ancaq müzakirələrdə razılıq əldə etmək mümkün olmayıb.
Nəhayət Cəmil Çiçək yaşanan gərginliyin qarşısını ala bilməyincə iclasın sona çatdığını elan edib. Ancaq bu, gərginliyin daha da artmasına səbəb olub. CXP-li və AKP-li deputatlar yumruqlaşıblar.
Cəmil Çiçək açıqlamasında bildirib ki, parlament kürsüsünün işğal edilməsi ilə problem həll ediləbilməz: "Bu məclis belə bir işğalı daha əvvəl görmədi və buna layiq də deyil. Bundan sonra hər istədiyi olmayan kürsünü işğal etsə, bu nizamnamə nəyə yarayacaq? Mənə bu işğalın doğru olduğunu göstərən bir nizamnamə maddəsi göstərin. Hər istədiyi olmayan kürsünü işğal edəcəksə, bu Məclis necə çalışacaq? Bunu da tarixə not düşmək üçün deyirəm".