Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya verdiyi sonuncu müsahibədə onun ifadə etdiyi bəzi sözlər mediada və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə onun “Bu xalqın bu gün alçaq, rəzil, qorxaq olmasının, torpaqlarını qoruya bilməməsinin səbəbi yalançı qəhrəman ideallardır. Qəhrəmanı düz seçmək lazımdır. Əgər sən düşünürsən ki, qəhrəmanlıq gecə gedib adam öldürməkdir, onda müharibə olsa, bir Azərbaycan oğlu əlinə silah alıb müharibəyə getməyəcək. Elə biləcək ki, qəhrəmanlıq kimisə gecə öldürməkdir” fikirləri sərt reaksiya ilə qarşılaşıb. Həmin müsahibəyə görə 250-yə yaxın şərh gəlib və onların əksəriyyətində partiya sədri ittiham olunub. Hətta S. Cəlaloğlu özü həmin müsahibəyə şərh yazaraq Ramil Səfərovla bağlı işlətdiyi ifadələri əsaslandırmağa çalışıb.Bu gün isə S. Cəlaloğlu “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada bildirib ki, onun fikirləri “Qafqazinfo” tərəfindən yanlış təqdim olunub: “Müsahibəmdə demişdim ki, bu xalqın başına gətirilənlərə bu qədər dözüm göstərməsi, müqavimət göstərməməsi, qorxaqlıq nümayiş etdirməsi, torpaqlarını qoruya bilməməsi yalançı qəhrəman ideallarla bağlıdır. Məndən müsahibə alan jurnalist isə mənimlə mübahisə edirdi. Dedim ə, nə istəyirsən, öz fikrimi deyirəm, sən də öz fikrini yaz. Lissabon sammitində ortaya düşüb bayram edirdiniz. Deyirdim ki, bu, məğlubiyyətdir, ay yazıqlar, məğlubiyyətinizi bayram edirsiniz. Onda da məni urapatriotlar ittiham edirdi. Məndən 10 il sonra İlham Əliyev özü dedi ki, niyə torpaqlarımız bu cür qiymətləndirilir. Yenə də qısa zamanda hamı görəcək ki, Ramil Səfərovun əfv olunması ilə bağlı mövqeyim haqlıdır”.S. Cəlaloğlunun “Qafqazinfo”ya verdiyi 18 dəqiqəlik müsahibənin mübahisə doğuran hissəsinin auido yazısını oxucularımıza təqdim edirik. Dinləyin