Tahir Abbaslı: “Ölkəmizdə bu məmurun açıqlamasından daha betər hadisələr baş verib”
Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Quba hadisələri ilə AZXEBER.COM-un suallarını cavablandırıb.
- Tahir bəy Qubada baş verən məlum hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu xalqın yerli hakimiyyətdən narazılığının nəticəsi kimi qiymətləndirir, bəziləri təxribat sayır. Sizin fikrinizi bilmək maraqlıdır.
- Şübhəsiz bölgələrdə əhalinin sosial-iqtisadi problemləri çoxdur. Ümumilikdə hakimiyyət bölgələrdə xalqın qayğısına qalmır. İnsanların sosial, mənəvi rifahının yüksəldilməsi üçün iş görmək əvəzinə öz bizneslərini qururlar, genişləndirirlər. Bir sözlə vətəndaşlar narazıdır. Amma mən Qubada baş verən hadisənin arxasında bu narazılığın dayandığına inanmıram. Məncə bu hadisə daha çox təxribat xarakterlidir. İcra başçısının bir müddət əvvəl səsləndirdiyi fikirlərin indi yayılması, həmçinin bir qrup işbazın ünvanına söylədiyi ifadələrin bütöv şəkildə qubalılara aid edilməsi belə deməyə əsas verir. Mən Qubanın keçmiş icra başçısını müdafiə etmək fikrində deyiləm. Amma etiraf etmək lazımdır ki, ölkəmizdə bu məmurun açıqlamasından daha betər hadisələr baş verib. Ziyalılar təhqir olunub, hakimiyyət nümayəndələri tərəfindən Quran ayaqlar altına atılıb, hicaba qoyulan qadağaya etiraz edən insanlar döyülüb, təhqir olunub, məscidlər dağıdılıb, illərdir iqtidar müxalifəti satqınlıqda suçlayır. Amma bunlar deyil, bir məmurun bir qrup işbaz, ola bilsin ki bələdiyyənin torpaq satmasını nəzərdə tutaraq işlətdiyi ifadələr narazılıq yaratdı, üsyana səbəb oldu? Bu mənada hesab edirəm ki, proses müəyyən qüvvələr tərəfindən təşkil olunmuşdu.
- Sizcə bu prosesin arxasında hansı qüvvələr dayanır və məqsəd nə olub?
- Hesab edirəm ki, burada üç versiyanın üzərində dayanmaq lazım gəlir. Birincisi Qəbələ RLS-lə bağlıdır. Hadisənin Qəbələ RLS-in icarəsinə dair Azərbaycanla Rusiya arasında danışıqların getdiyi, həmçinin Azərbaycan tərəfinin icarə haqqı olaraq 300 milyon dollar istəməsi barədə məlumatların yayılıdığı ərəfədə baş verdiyini arxa plana keçirmək olmaz. Ola bilsin ki, şimal qonşumuz Qəbələ RLS-in icarə müddətini uzatmaq və məbləği azaltmaq üçün həssas olan şimalda iğtişaş yaradıb. Digər bir versiya hakimiyyətin öz gücünü yoxlaması ilə bağlıdır. Ola bilər ki, hakimiyyət dünyada baş verən proseslərdən dolayı bir növ təlim-məşq toplanışı keçirirdi. Digər bir versiya isə odur ki, hakimiyyət gələn il keçiriləcək prezident seçkisindən əvvəl siyasi radikalların üzə çıxmasını, hansı qüvvələr tərəfindən idarə olunmasını öyrənmək istəyirdi.