"Ölkədə fəaliyyət göstərən hər bir siyasi təşkilat hökümətlə dialoqa dəvət edildi. Lakin gördük ki, onlar dialoqdan imtina etdilər, yəni "Milli Şura” dialoqa getmir, rəqiblərini isə təhqir edir: Bu addımlar "Milli Şura”nın digər müxalifyönümlü siyasi təşkilatlara qarşı hörmətsizliyi və siyasi həyasızlığıdır. Bir daha məlum oldu ki, ”Milli Şura” iqtidar-müxalifət dialoqunda iştirak etmək istəmir, iqtidarla dialoqa gedən siyasi partiyaları isə ağır sözlərlə təhqir edir.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Mübarizləri Partiyasının Sədri Ağadur Müslümov deyib.
O "zoom" konfranslarından sonra Milli Şurada istefaların olduğuna diqqət çəkib:
"Son vaxtlarda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Rafiq Manaflı və Eldəniz Quliyev, həmçinin hüquqşünas Namizəd Səfərov və Nida Hərəkatı üzvləri yəni, ümumilikdə 75 nəfər istefa verib.
Qurama sədr olan Cəmil Həsənlinin "rəhbərliyi” ilə "Milli Şura” adı altında toplaşan bu fərdlər özlərini idarə edə bilmir və ya özlərini təhqirlə, söyüşlə idarə edirlər. Bunların dövləti idarə etmələrini düşünmək belə mümkün deyil. Utanmadan, çəkinmədən söyüşlə, təhqirlə video konfrans keçirirlər, hələ bir videonu da yayımlayırlar. Bu o deməkdir ki, Şura milli dəyərləri ayaqlar altına alır.
Ağadur Müslümov dialoqa gedən partiyaları "tryapka" adlandıran Cəmil Həsənliyə də cavab verib: "Görünür ki, "Milli Şura "ali təhsilli” söyüş mütəxəssisləri ilə zəngindir. Qeyd etmək istərdim ki, məhz bu tipli "ictimai, siyasi liderlərin” ucbatından torpaqlarımız işğal olundu və ölkəmiz bugünkü çətin duruma düşdü. Başqa söz tapmaq çətindir.
"Milli Şura”nın son iki videokonfransı və müzakirədə iştirak edənlərin ziddiyyətli münasibətləri, birinin digərini "əzməyə çalışması”, ənənəvi dəyərlərə lağ etmələri, müzakirələrdə qadın faktoru nəzərə alınmadan,utanmadan söyüşdən istifadə etməklə səciyyələnir.
"Milli şura”nın sonuncu "videoiclas”ını bəzəyən məqamlardan biri Gültəkin Hacıbəylinin qeyri-ciddi fikirləri oldu. O, bəhs olunan "toplantı”da qəfildən, özü də yersiz və mənasız şəkildə "buğa əhvalatı”ndan bəhs etməyə, inək ilə buğa arasında müqayisə aparmağa başladı. Belə bir fikir söyləmək, bu cür müqayisə aparmaq zərurətinin nədən qaynaqlandığı aydın olmasa da, hər halda, "siyasi məsələlərin müzakirəsi”nə həsr olunmuş "iclas”ın gündəliyinin inək və buğa arasındakı fərqin müəyyənləşdirməsi üzərində köklənməsi normal görünmür.
Elə buna görə də G.Hacıbəylinin məlum fikirləri sosial şəbəkə istifadəçiləri tərəfində gülüş və lağ obyektinə çevrildi.
Hər halda, özünü cəmiyyətə "siyasətçi” kimi təqdim edən bir şəxsin adını "iclas” qoyduqları virtual yığıncaqda müzakirə edəcəyi məsələ "buğa problemi”, inək-buğa müqayisəsi olmamalıdır.
Bu, təkcə növbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın timsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə "zəngin” olmasından xəbər verir.
Belə ki, pandemiya dövründə iclasların video konfrans formatında keçirilməsi təcrübəsindən istifadə edən özlərini radikal müxalifət adlandıran fərdlər öz həqiqi mahiyyətini bir daha cəmiyyətə göstərdi.
Videokonfransda iştirak edən insanların bir-birinə qarşı münasibəti, dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandı. Bundan əlavə, müxalifətin söyüşlə danışması, bu qruplaşmanın qeyri-ciddi və populist, qeyri-etik olduğunu bir daha sübut etdi. Onlar yarandıqları kimi dağılmağa da məhkumdur. Özləri də Milli Şuranın dağıldığını görür, lakin hələ ki, etiraf etmirlər.
Ağadur Müslümov son olaraq deyib: "Azərbaycan Mübarizləri” Partiyasının sədri olaraq bir daha söyləyirəm ki, ölkədə aparılan islahatlar kursu bizə böyük perspektivlər vəd edir və ona da inanıram ki, bu siyası partiyalarla aparılan dialoq davamlı xarakter alacaq, partiyaların inkişafına səbəb olacaq və əlbəttə ki, partiyalar da dövlətin, dövlətçiliyin mövqeyindən çıxış edərək, müsbət addımlarını atacaqlar”.
AZXEBER.COM
AZXEBER.COM