Partiya sədrindən ad günü etirafları: "Yorurlar insanı"

Partiya sədrindən ad günü etirafları: "Yorurlar insanı"
Bütün Xəbərlər
00:31 11.08.2014
1700

Saat 00.00-ı vurarkən ilk xatırladığım Azər oldu. Bacım oğlu. Daha doğrusu Azərin 5 yaş tamamındakı doğum günü. Lap da doğrusu – həmin gün baş verənlər…

Demək hadisə belə vaqe olur: 2004-ün noyabrında atam, yəni Azərin babası vəfat edir. O baba ki, yeganə nəvəsi Azərlə sözün əsl mənasında nəfəs alırdı. Gün ərzində Bakıdan İstanbula 5-6 dəfə telefon açıb onun səsini eşitməsə rahatlaşmazdı. Və… birdən-birə ortalığa qərib sükut çökür, babanın mütəmadi zəngləri dayanır. Uşağa da deyirlər, baba uzaq bir səfərə gedib, orada telefon tutmur, amma nə vaxtsa qayıdıb gələcək… Bu minvalla da Azər günləri sayır, ötürür, dözür. Ta babasız keçirəcəyi ilk ad gününə qədər. Və… həmin gün səhər o başdan təşviş içində yuxudan hövlnək ayılıb qışqırır. Babamın aldığı hədiyyə velisoped hanı? – deyə.

Bacım nəql edir:

”Donub qalmışdıq. Ha çalışdıq uşağı özünə gətirək, ovunduraq, başını qataq, mümkün olmadı. Dirəşdi ki, tez babamın aldığı velisopedi gizlətdiyiniz yerdən çıxarın, o mənimdi. Sonra isə başladı həmin velisopedi təsvir eləməyə. Hətta o qədər xırdalığına qədər təsvir elədi ki, heyrətləndik. Belə yuxumu olar? Adam da yuxuda velisoped “rama”sının rənginimi seçər? Arxa “stop”un üzərindəki qara hərfli yazılarımı görər?”

Əlqərəz, yeznə görür durum sıradan bir durum deyil. Bacımı da, uşağı da götürüb düşür evin yanındakı marketə. Ki, həm ad günü ilə bağlı bazarlıq eləsin, həm də Azərin başı qarışsın…

Bacım davam edir:

“Elə marketə yenicə girmişdik, Azər qışqıra-qışqıra sağ tərəfə doğru yürüdü. Sonra başladı atılıb düşməyə. Sevinc içində. Ər-arvad key — key bir-birimizin üzünə baxıb qalmışdıq. Təbii, heç nə anlamadan. Elə o vəziyyətdə də Azərə yaxınlaşdıq. Və… ola bilməz! Daha doğrusu olacaq bir şey deyil… Həmin velisoped! Eynən Azərin təsvir elədiyi velisoped! Üstəgəl, o qədər velisopedin içində. Qiyməti də nə az — nə çox düz 400 evro. Almalı idik. Başqa çarəmi vardı? Yox, təbii. Amma bir baxdıq, maaş kartında yetərincə pul qalmayıb. Belə razılaşdıq ki, əlimizdəki bazarlığı qapıdan evə qoyub, pul da götürüb geri qayıdaq…

Kassadayıq. Xanım qız malları vurur. Və… anidən marketin mühafizə xidmətinin əməkdaşları bizə yaxınlaşır. Kimliyimizi belə soruşmadan yuxarı, rəhbərlik olan otağa qalxmamızı istəyirlər. Çaşıb qalmışıq. Neylədik ki biz? Yad ölkədir. Olmaz elə — olar belə, şərləyərlər, ittiham edərlər, kiminləsə yalnış salarlar… Əlqərəz, bu fikirlə də ailə şəklində yuxarı qalxırıq. Qarşımıza çıxan hər kəsin üzü gülür amma. Niyəsə. Müxtəlif insanların dilindən səslənən “buyurun — buyurun”- ifadəsi ilə iç-içə otaqların ən sonuncusuna çatırıq. Qarşımızda hiper-marketin əsas səhmdarlarından biri, Koç ailəsinin təmsilçisi Haluk bəy dayanıb. Gül dəstəsi ilə. Gülü mənə, əlindəki kağızı isə yoldaşıma uzadır: “Sayın Sadıkoğlu ailəsi, siz bizim yüz milyonuncu müştərimiz olaraq 400 evro dəyərində ödül qazandınız. Marketimizdən eyni dəyərdə istənilən malı və ya əşyanı heç bir pul ödəmədən hədiyyə formasında ala bilərsiniz. Gülə-gülə istifadə edin”.

…Baba hədiyyəni gerçəkdən alıb, verib, gedibmiş…

***

O gündən bəri küçədə, bayırda nə velisopedli adam görsəm həsədlə baxıram. Qeyri-adi həsədlə. Bəzən hətta paxıllıqla. Elə bilirəm onlara da həmin velisopedi ataları, babaları ya da dünyadan köçmüş hansısa doğmaları alıb, verib, gedib…

O gündən bəri ad günüm öncəsi bütün gecələri daha tez yatıram. İşlərimi təxirə salıb yatıram. Balıncımı bərk — bərk qucaqlayıb yatıram. Ki, bəlkə atam mənim də yuxuma gələ, hədiyyəsini verə və gedə… Mən də səhər o başdan şəhərin canına düşüb hədiyyəmi axtarım. Qarşıma çıxan hər küçədə, hər dalanda, hər tində…

O gündən bəri mən bu dünyanın hədiyyələrini, surprizlərini sevmirəm. Nə dəyərdə olursa olsun. Fərq etməz. Sevmirəm ki, sevmirəm. Hədiyyəsinə susadığım insanlar qarşı dünyadadır deyə…

***Bunu da atam danışıb mənə: Demək bir gün 7 yaşlı qızcığaz anasının məzarı üstünə gəlir. Ətrafa boylanır. Baxır ki, molla “Yasin”i 5 manat verənin ölüsünə yarı-yarımçıq, 15 manat verənin ölüsünə ortabab, 25 manat verənin ölüsünə bütöv oxuyur. Biçarənin isə gücü 25 — liyə yetmir. Yaxınlaşır anasının soyuq baş daşına və piçilti ilə ona səslənir: “Ana, canım ana. Noolar, bağışla məni. Sənə yarımçıq quran oxutmaq istəmirəm. Tamına isə gücüm çatmır. Gəl sənə “Uşaq və buz» şerini söyləyim. Onu məktəbdə əvvəldən-axıra öyrənmişəm. Tamını bilirəm. Inan, elə ürəkdən söyləyəcəm ki, o sənə bütün dualardan daha tez yetişəcək. Sadəcə inan mənə…”

…Özəl günlərimdə həmişə xatırlayıram bu misalı. Demək olar həmişə. Yəqin “Uşaq və buz” səmimiyyətinə inanılmaz ehtiyac duyduğum üçün. O körpənin simasını həyatımdakı, ətrafımdakı insanların çöhrəsində çox demirəm bir də yox – sadəcə yarım dəfə seyr etmək üçün. Heç nə verə bilmədiyim, bilməyəcəyim anda heç nəyi olmayanların yaratdığı ürək, duyğu, sevgi xaliqələrini – belə şeylərə çoxdan yadırğayan gözlərimlə görmək üçün…

***Mən həyat fəlsəfəmdəki “ədalət” anlayışını düz 11 il öncə dəfn eləmişəm. Məzara gömmüşəm onu. Atamla bərabər. Sevməmişəm ədalətli olmağı. Qorxmuşam ədalətli olmaqdan. Yenə hər kəs məndən qaçar, üz döndərər deyə. Ədalətli insanlar bu həyatda dözülməz, sevilməz, arzuedilməz olur deyə. “Key”, “avam”, “uğursuz” damğasını hər an öz üzərimdə, ələlxüsus da alnımın tən ortasında hiss etməyim deyə. 2004-də, atamın ölümündən bircə həftə sonra həyat yoldaşım elə atamın rektoru olduğu Universitetdən necə amansızca qovuldusa, bir gün övladım da eyni şəkildə məktəbdən — filandan qovular deyə. Gördüyüm bütün sevgilər, münasibətlər, hörmətlər “ədalət”, “kişilik”, «mənəviyyat” rəmzləri ilə deyil, cibimdəki pulların sayı və miqdarı ilə ölçüldü deyə. “Kaş, üç qırmızı diplom sahibi olacağıma “Fəvvarələr meydanı”nın uzaq küncündə kiçik bir dönərxanaya sahib olaydım” – düşüncəsinə qapıldım, kökləndim, inandım deyə…

***Mən bəzən özümü 90 + 5 — də oyuna girən futbolçuya bənzədirəm. Sanki bu həyatda vaxt öldürmək üçün gərəyəm. Tempi saxlamaq üçün varam. Qarşı tərəfi qıcıqlandırmaq üçün mövcudam…

Mən bəzən özümü kirayə verilmiş evə bənzədirəm. Həyatıma, qəlbimə, ruhuma girib — çıxan hər kəs özününkü deyiləm deyə məni sağa-sola çapdığı üçün. İstismar etdiyi üçün. Canımdan can qopardığı üçün…

Mən bəzən özümü – keçmişdə öyünüləcək bir şeyi olmasa da yetmişində, səksənində, doxsanında ətraf, qohum-əqrəba, arvad-uşaq yanında həmin keçmişlə bağlı qəhrəmancasına söz açan, bu haqqda boş-boş, fəqət ağız dolusu danışan, ucsuz-bucaqsız fantaziyaları hesabına ustaca basıb-bağlamağı bacaran kənd kişilərinə bənzədirəm.

Halbuki realda qorxağın biriyəm. Elə ancaq yekə-yekə söylənməyim var. Həyatdan bezərkən alternativim olmur. Qısılıb qalıram. Darılıb qalıram. Sıxılıb qalıram. Bəzən bir Hüseyn Dərya qədər də deyiləm ki, sadə kamaz bəhanəsi ilə sakit ölümü gözə ala bilim.O kişilik də yoxdur məndə…

***Gecə yarıdır artıq. Eyvandayam. İçimə qərib bir üşüntü dolub. Siqaret çəkirəm. Oruc tutanlar iftarına xurma ilə başladıqları kimi mən də ad günümü bəsit bir siqaret tüstüsü ilə açıq elan edirəm…

Çox hündürdür bura. 12-ci mərtəbə. Şəhər sanki ovcumun içindədir. Hər yer və hər şey o qədər dəqiq, o qədər aydın, o qədər şəffaf görünür ki…

Bir tək xoşbəxtlikdən savayı…/Aktual.az üçün

Redaksiyadan: Dostumuz, istedadlı qələm sahibi Elşən Musayevi AZXEBER.COM kollektivi adından təbrk edir, ona uğurlar arzulayırıq. İnanırıq ki, E.Musayev növbəti doğum gününü elə Aktual.az-da nikbin notlara köklənən yazıyla qeyd edəcək.

OXŞAR XƏBƏRLƏR