Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalın idarə heyəti artıq təyin edilmiş 5 rayonda (Lənkəran, İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) olublar. Səfərlər zamanı, bölgələrdəki yaradıcı gənclərlə görüşlər keçirilib və onlara gənc yazarların ssenariləri təqdim edilib.
Festivalla bağlı AZXEBER.COM portalına danışan tanınmış şair, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin sədri,Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinur festivalın Mübarizə həsr edilməsinin gənclərdə vətənpərvərlik ruhunun inkişafında stimul rolunu oynayacağını bildirib;“Bu festival çox təqdirəlayiq işdir. Bizim qəhrəman oğlumuz Mübariz İbrahimova həsr olunub. İdeya müəllifinə, yaradıcı heyətə şəxsən öz adımdan təşəkkürümü bildirirəm ki, belə bir layihə həyata keçirirlər. Mübariz İbrahimovun adına həsr olunmuş idman turnirlərinə, musiqilərə, kitablara, festivallara ehtiyac çoxdur. O cür misilsiz qəhrəmanlıq göstərən şəxs gərək unudulmasın.
Tanınmış ziyalı eyni zamanda festivalın gənclərə faydasından da danışıb; “Müharibə şəraitində olan bir dövlət kimi festivalın məhz vətənpərvərlik mövzusunda olmasının gənclərə faydası çoxdur. Gənclərə vətənə sevginin aşılanmasında, vətənpərvərliyin, qəhrəmanlıq ruhunun aşılanmasına kömək edəcək. Gənclərimiz Mübariz kimi oğullarımızı örnək alacaq, onun kimi olmağa çalışacaq. Həmçinin festival gəncləri bir araya toplayacaq”.
Ülkər Eldarqızı