Paşinyanı Zəngəzurdan niyə qovdular? – Önəmli detallar

Paşinyanı Zəngəzurdan niyə qovdular? – Önəmli detallar
DÜNYA
17:47 21.04.2021
820

Ötən gün Prezident İlham Əliyevin Zəngəzurla bağlı çıxışı Ermənistan hakimiyyətini və cəmiyyətini təşvişə salıb. Çıxışın ardından Ermənistan Baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur – red.), daha sonra isə Qafana gizli səfərə çıxıb. Bu zaman isə o insanların qəzəbi ilə üzləşib və səfərini yarımçıq buraxaraq geri dönüb.

AZXEBER.COM-a danışan politoloq İlyas Hüseynov Ermənistanda yaranan gərginliyin bundan sonra daha da artacağını istisna etməyib:

"Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq uzun müddətdir ki, davam edir. Azərbaycanın əsas məqsədlərindən biri də Zəngəzur istiqamətində kommunikasiya xətlərinin bərpa olunması və Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməkdir. Lakin biz bunu müşahidə edirik ki, hər dəfə Zəngəzurla bağlı Ali Baş Komandanın çıxışından sonra Ermənistanda, xüsusilə də ermənilərin Sünik adlandırdığı bölgədə müəyyən gərginlik yaşanır və stress vəziyyəti müşahidə olunur. Bir müddət öncə Ermənistanın Prezidenti Armen Sarkisyan Armen Tataryanla birlikdə həmin bölgəyə səfər etmişdi və əhalinin qayğıları ilə maraqlanmışdı. Bundan sonra isə ABŞ-ın Ermənistandakı səfiri də bölgəyə səfər etdi. Bu da onu göstərir ki, ABŞ-ın burada hansısa maraqları var. Nikol Paşinyanın da əraziyə səfəri böyük qalmaqalla müşahidə olundu. Çünki bu səfər həm ictimaiyyətdən, həm də hüquq mühafizə orqanlarından gizli saxlanılırdı”.

Politoloq qeyd edib ki, bu ixtişaşlar qəsdən təşkil edilmiş ola bilər: "Bu etirazların kökündə Köçəryanın bu səfərdən məlumat aldığını, məlumatın yerli əhaliyə sızdığını və bu ixtişaşların qəsdən təşkil edildiyini düşünürəm. Burada Paşinyan əleyhinə yerli əhalidə neqativ reaksiyanın formalaşdırılması prosesi gedir. Bu proses daha çox icma rəhbərləri, ağsaqqallar arasında davam etdirilir. Çünki Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ictimai rəydə neqativ reaksiya formalaşdırılmalıdır. Paşinyanın səfərinin hansı məqsədlə olduğu qaranlıq qalsa da, bu onun üçün bir uğursuzluqla nəticələndi”.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzurla bağlı tarixi çıxış edib: "Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır ”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR