Payız fəslinin başlaması ilə birlikdə xəstəliklərin sayı da artmağa başlayır. Temperaturun tez-tez dəyişməsi, havaların soyuması və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi virusların yayılması üçün əlverişli şərait yaradır. Bu dövrdə xüsusilə qrip, soyuqdəymə və digər tənəffüs yolu infeksiyalarına daha çox rast gəlinir.
Həkim-infeksionist və terapevt Etibar Süleymanovun AZXEBER.COM-a açıqlamasında deyib ki, payız fəslində respirator, hava-damcı yolu ilə keçən xəstəliklər artır:
"Payız mövsümündə adətən məktəblərin və universitetlərin açılması, müxtəlif iş yerlərində insanların həddindən artıq çox olması nəticəsində insan kütləsi daha çox bir-biri ilə kontaktda olur. Eyni zamanda hava şəraitinin təsiri də özünü göstərir. Hava şəraitinin tez-tez dəyişməsi düzgün geyimə əməl etməyə şərait yaratmır. Belə hallarda adətən kəskin respirator, hava-damcı yolu ilə keçən xəstəliklərin miqdarı daha çox artır. Bu, müxtəlif qrip viruslarına, respirator viruslara, rinovirus, enterovirus və digər koksaki viruslarına, eyni zamanda vərəm çöplərinin aktivliyinin artmasına da səbəb ola bilər. Payız mövsümündə adətən allergik xəstəliklərin də sayı artır”.
O qeyd edib ki, qrip və ya virus infeksiyalarına qarşı profilaktik tədbirlər görülməlidir:
"Bunların qarşısını almaq üçün maskalardan istifadə olunması, maksimum çox sıxlıq olan yerlərdən imkan daxilində uzaq durulması, məsafənin saxlanılması, imkan daxilində geyim rejimə əməl olunması, vaxtında soyuqdəymə və ya hər hansı reaksiyalar zamanı uyğun tədbirlərin görülməsi məsləhətdir. Eyni zamanda tam dəyərli qidalanma, fiziki hərəkət və qrip, virus infeksiyalarına qarşı profilaktik tədbirlərin görülməsi məsləhət görülür”.
Şahanə Ziyad











































