Payızın üzünə baxa bilmirəm - HEKAYƏ

Payızın üzünə baxa bilmirəm - HEKAYƏ
Bütün Xəbərlər
14:48 14.01.2013
1995

Kəramət Böyükçöl

Payızın üzünə baxa bilmirəm

Payızda günlər tez ölür, adamın içinə bir tənhalıq və həyəcan dolur. Görürsən ki, hava o qədər də soyuq deyil, ancaq üşüyürsən. Elə bil yarpaqlar sənə uçmaq öyrədir. Uçursan, uçursan və uçduğun yerdə kimsə və nəsə yadına düşür. Kimdənsə ayrıldığını payızda çox aydın hiss eləyirsən. Hiss eləyirsən ki, çöldə havanın üstünə narın-narın yağış yağır və sənə elə gəlir ki, bu yağışla hardasa bir qızın səsi islanır. Hər qulağına ayrı səs gəlir.

Payızda narın-narın yağan yağışlar mənə həmişə Narını xatırladır. Narın uşaqlıq sevgim idi. Əkiz bacı idilər. Bacısının adı Xanım. Bir-birlərinə çox oxşayırdılar. Baxanda adam elə bilirdi ki, Narın Xanımın şəklidir. Narın dağ qızı idi. İncə bir dağ çiçəyinə bənzəyirdi. Saçları qısa, gözləri mavi bir qız. Ayaqları da incə. Baldırlarının şümşad olmağı adamın ağlını başından çıxarırdı. Boyu bir az hündür idi. Güləndə bütün üzü gülürdü. Gülməyəndə bütün üzü kədər içində olurdu. Balaca yumru döşləri uzaqdan çağırırdı. Əlləri göyərçin ayaqlarına oxşuyurdu. Üzümə elə baxırdı ki, elə bil məndən nəsə qoparırdı. Onun baxdığı yerlər yumşalır və kövrək olurdu. Fikir vermişdim, heç kəsə mənə baxdığı kimi məhəbbətlə baxmırdı. Narının gülüşlərinin içində kədər də var idi. Bu gülüşlər Narının üzünü kədərdən xilas eləyə bilmirdi. Mənim ən çox xoşuma gələn onun üzündəki məftunedici kədər idi. Bir söz soruşan kimi bənizi ağarırdı. Bənizinin ağarmağını və qorxaqlığı mənə dərin ehtiras gətirirdi. Narının qadınlığını elə bil təkcə gülüşləri biruzə verirdi.

Mən Bakıda oxuyurdum. Narın kənddə qalırdı. Hər dəfə tətil olananda Narını görmək üçün kəndə üz tuturdum. Elə vaxtlar olurdu ki, dərs vaxtı da gedirdim. Qayıblarım kəllə çarxa çıxmışdı. Ancaq vecimə də deyildi. Mənim kitabım, dəftərim, qələmim, partam Narın idi. Mən Narın oxuyurdum. İmtahan vaxtı Bakıya gəlirdim. İmtahanları bir-təhər yola verdib təzədən qayıdırdım kəndə. Narınla kənddə at çapırdıq. Atı məndən yaxşı minirdi. İkimiz bir ata minəndə Narın qabaqda mən də arxada otururdum. Fürsəti əldən verməyib əllərimi Narının belinə dolayırdım. Narın heç nə hiss eləmirdi. Boynundan, boğazından öpdüm.

- Eyyy, sən mənim mamamsan ki məni öpürsən? - Narın birdən-birə mənə dedi.

Bu qərib və qəribə hiss məni yerimdən oynatdı. Onda Narının 12-13 yaşı həmin olardı. Mən təkcə Narını sevmirdim. Narının bütün qohum-əqrabalarını sevirdim. Əmi, dayı, bibi, xala. Narını tanıyan hər kəsi sevirdim. Elə bilirdim onların hamısında Narından nəsə qopub qalıb. Bakıya gələndə çox darıxırdım. Bakıdakı qızlar da gözəl idi, ancaq heç biri Narın deyildi.

Mən üçüncü kursa keçəndə eşitdim ki, Narının bacısı Xanımı veriblər. Çox pis oldum. Elə bildim Narının yarısını qoparıb apardılar. Kənd yerlərində belədi. Qızın bir az boyu çıxan kimi verirlər. Kəndin o qədər acıgöz oğlanları var ki, imkan vermirlər qız yerindən qalxsın. O saat alırlar. Ancaq bir şey də var ki, kənd şəhər kimi deyil. Ordakı oğlanlar qızları aldatmırlar. Nə də uzun-uzadı sevgi macəraları ilə başlarını qatmırlar. Xoşuna gəldi, vəssalam! Elçi göndərib alırlar. Əzizağanın oğlu Ayar da belə elədi. Elçi göndərib Xanımı aldı. Xanım da getdi. Heç bilmədi sevir, yoxsa sevmir. Bu haqda fikirləşmədi də. Bircə onu düşündü ki, heç anası da atasını sevməmişdi. Ancaq bir ömür xoşbəxt yaşadılar. Atsıyla anasının sevmədən evlənərək xoşbəxt olmaları Xanım üçün əsas şərt və sübut idi. Çünki Xanım xoşbəxtlik nədir heç onu da bilmirdi. Elə bilirdi ki, ər-arvad boşanmayıbsa demək xoşbəxtdilər. Elə Xanım da bu fikirdə idi ki, sevgi boş şeydir. Kim olur olsun kişi olsun.

Xanımın getməyinə ən çox ona görə pis oldum ki, fikirləşdim o getdisə demək Narının da vaxtıdı. Bunu düşünüb hər gecə Narının gözlərini xəyal eləyirdim, üzündəki kədərin mənasından danışırdım öz-özümə. Deyirdim elə bil dünyanın bütün yağışları Narın üçün yağır. İsti olanda duman Narının xətrinə sərin bir örtük kimi dünyanın üstünə açılır. Narının üzündə elə bil işıq var. Bu nur hər yanı işıqlandırır. Narının əlləri işıqlı lampalar kimi qaranlıq yollara işıq salır. Elə bil ay Narını yaxşı görmək üçün hər gün bir az aşağı əyilir. Bunlar çox mənasız işlərmiş - indi öz-özümə fikirləşirəm. Bu boş-boş xəyallarla başımı aldatdım. Gərək mən o vaxtı eşidəndə ki, Xanım gedib, elə həmin gün Narına elçi göndərəydim. Allah ağlımı alsın. Heç vaxt fikirləşmədim ki, bu cür gözəgəlimli bir qızı 16 yaşından o yana keçməyə qoymayacaqlar. Fikirləşdiyim bircə o idi ki, guya Narın meşənin içində ağacların arasıyla qaçır, mən də düşmüşəm arxasınca. Hind filmlərindəki kimi Narınla ancaq xəyallarımda evlənirdim. Real həyatda isə gözləyirdim ki, universiteti qurtarım, magistaturaya girim, doktoranturanı bitirim, lap axırd gedib Narını alım. Ancaq ağlımın ucundan da keçmədi ki, nəyinki magistaruraya girmək heç bakalavrı qurtarmağa da imkan verməyəcəklər. Mən nə biləydim ki, elə Xanımın toyundaca Narını bəyənəcəklər? Kəndin aradüzəldən arvadlarının vasitəsilə oğlan evi bir həftə sonra elçi gəldi. Narın əvvəlcə deyib ki, bir az gözləsinlər. Bir az gözləsinlər deyəndə mənim yolumu gözləyirmiş - bunu mənə sonralar dedilər. Məsum qız dillənə də bilmirmiş. Gözləri yolarda qalıbmış ki, bu saat Kərəm qapıdan girəcək. O da sevinə-sevinə atılıb boynumu qucaqlayacaq. Ancaq getmək ağlıma gəlmədi. Mən Bakıda Narının xəyalları ilə yaşayarkən onu qapılarından apardılar. Narının üzünə dodaq-dodaq əkdiyim gözəlliyi rayon mağazasından bir günlüyə prakata götürülmüş gəlinliyə necə sığdırdılar görəsən? Xanımın Narından fərqi bu idi ki, o heç kəsi sevmirdi. Narın isə sevirdi. Ancaq başqasına verdilər. Kor-koranə, düşünmədən verdilər. Narının atası çoban idi, anası da evdar qadın. Demək olar ki, Narının kimə getməyindən nə atasının xəbəri oldu, nə anasının. Hamısını kəndin aradüzəldən arvadları elədi. Narını alan oğlan mal bazarında fəhlə işləyirdi. Əlləri yoğun, üzü-başı kobud, zəhimli bir oğlan idi. İşi-gücü pul qazanmaq idi.

Narın toy günü məsum bir şəkildə dayanıbmış. Kəndin aradüzəldən bəzi həyasız arvadları da mənim narmanazik ağ kəpənəyimə toy gecəsindən danışırlarmış ki, filan şeydə bu cür elə, filan şeydə o cür. Başa salırlarmış ki, elə olacaq, belə olacaq, qorxma nə bilim nə. Yazıq Narın dinə bilmirmiş. Çünki Narın məğlub olunmuş və sındırılmış qadın idi. Arvadlar toy gecəsindən danışdıqca payızın mehi Narının yanaqlarından axan göz yaşlarını balaca uşaq topu kimi o tərəf bu tərəfə diyirləyirmiş. Narının ürəyi sac üstə buğda kimi qovrulurdu. Narını bu tezliyində verəcəkləri ağlıma gəlməzdi. İşi-gücü pul qazanmaq olan o əlləri qalın, kobud oğlan mənim incə dağ çiçəyimi həmin gecə dərdi.

Narının toyu payızda oldu. O gündən bəri utandığımdan payızın üzünə baxa bilmirəm. Payızda günlər tez ölür. Həm də adamın içinə bir tənhalıq və həyəcan dolur. Görürsən ki, hava o qədər də soyuq deyil, ancaq üşüyürsən. Elə bil yarpaqlar sənə uçmaq öyrədir. Uçursan, uçursan və uçduğun yerdə kimsə və nəsə yadına düşür. Kimdənsə ayrıldığını payızda çox aydın hiss eləyirsən. Hiss eləyirsən ki, çöldə havanın üstünə narın-narın yağış yağır və sənə elə gəlir ki, bu yağışla hardasa bir qızın səsi islanır.

“Baku Post” qəzeti

OXŞAR XƏBƏRLƏR