Pənahəli, Natavan, Zakirlər yurdunda yad ünsürlər - Paşinyanlar!

GƏNCLİK
11:34 12.06.2019
4522
Elvin Paşazadə
 
25 yaşlı gənc olaraq, bu yazıya başlamağım məndən əvvəla diqqət, anlayış və həssaslıq tələb edir. Çünki yaşanmış hadisələr məndən yaşca böyükdür. Çox maraqlı təzaddır; özündən əvvəl baş verənləri qələmə almaq, onu siz oxucuların- bir qisminin ağ lövhəyə bənzər yaddaşına, digər qisminin isə sanki əsadan keçmişə dayaq kimi  tutunmağa ehtiyacı olan ixtiyarlaşmış beyinlərinə köçürmək. Bu həm də çox çətindir. O hadisəni şahidlərin gözü ilə baxıb, hissləri ilə yaşayıb, titrək səsləri ilə oxuyaraq qələmə ala biləcəyəmmi deyə düşünürəm. Nəfəsimi dərib, bu isti otağımda yazıma başlayıram. 
   
Üz tuturam Qarabağın mənəvi paytaxtına. Yəni, Şuşaya- dilbər guşəmizə; Allahın yer üzündəki ən gözəl sənət əsəri, sanki bir rəssam olaraq fırçası il dərin cizgilər və duyğularla rəsmini Azərbaycanda çəkdiyi torpağa. Keçmişə gedəcəm amma sehrli xalatsız. Sehrini həmin gün itirdi Şuşa. Bir zamanlar rəqsan xəyalları,parlaq ümidləri olan soydaşlarımız yaşayırdı bu yerlərdə.Ta ki, o günə qədər-1992-ci il 8 may tarixi. "Böyük Ermənistan" mifi ilə qidalanmışların, bu mifin reanimatorlarının əl uzadıb, rəsm əsərini pozduqları gün deyirəm mən o təqvimə. Əbədi bir yoxluğa məhkum olan acıqlı kölgəyə bənzər həmvətənlərimizin nəfəsi kəsildi, istiyə düşmüş su damlası kimi arzu və istəkləri buxar oldu həmin gün. Və bu söz Allaha qədər yüksəldi: Şuşa işğal olundu. Qara libas geyindi göy də, yer də, su da, hava da, insanlar və digər canlılar da. 
İndi bizi həmin gündən 27 il ayırır. 
   
27 il. Necə də böyük və qanlı ildi. Buna baxmayaraq dəyişən yalnız illər oldu. Hisslər, duyğular hələ də 8 may 1992-dəki gündür. Hadisə şahidlərinin dilindən hər ilin bu günü xəbərlər yazılır, çap edilir. Hamı bir ağlayır Şuşa üçün. Fikirlər bir yerə toplanır: Şuşa qaytarılmalı, əzəli torpaq Azərbaycana yenidən birləşməlidir. 
   
Bu sözləri 25 ildir eşidir, görürəm. Özümü dərk etdiyim gündən "Vətən","torpaq" sözləri qulaqlarımdan çəkilmir. Əksinə hər gün daha yaxından qışqırırlar sanki QaRaBaĞ, Şuşa və digər işğal olunan rayon adlarını.
     
Keçmişi çox qurdalamadan qayıdıram bu günə. Çünki həmin günlə bağlı saysız-hesabsız yazı numunələri var. 
     
"Sən saydığını say gör fələk nə sayır"-deyib, bu gündən söhbət edəcəm. Bu bir məsəldir. Biz burda istəklərimizdən, qanlı qışqırıqlarımızdan danışaq görək köklərinin hardan gəldiyini bilməyən Ermənistan nə edir? Hansı tələləri qurub, hansı tülkü rolları oynayır?
     
Köklərinin hardan gəldiyi bilinməyən sözünü də əbəs yerə demədim. İzahatını verim. Deməli bunların M.Abeqyan adında bir akademikləri var. O yazır:"...erməni xalqının kökləri haradandır,o,buraya necə,nə vaxt,haradan,hansı yollarla gəlib...Bizdə bunun dəqiq və aydın sübutları yoxdur" ("Erməni ədəbiyyatının tarixi",Yerevan,1975). Bu yeri-yurdu olmayan tayfa indi böyük xülyalarda yaşayır. Azərbaycan torpaqlarını öz torpaqları kimi tanıtmaq üçün hər yola əl atırlar. Elə qəhrəmanları Kim Kardaşyanın atdığı əl kimi. Təfərrüatı özünüz müəyyən edin. Bütün dünyaya car çəkirlər ki, biz işğalçı deyilik. 
     
İndi gəlin görək sözləri ilə əməlləri bir-birinə uyğundurmu? Təxminən bir aydan bundan öncədən 4 gün çox - may ayının 8-də Ermənistan baş naziri Nikol Paşinyan Qarabağa-Şuşaya rəsmi səfər edir.
     
Yəni, biz vətəndə Şuşanın işğalının 27-ci yas üçün ağlayıb, sızladığımız gün.
     
Video paylaşıldı."Bomj" vidində, saqqalından kir yağan, ərinin-Putinin yanında dovşan vəziyyəti alan bir baş nazir şirə dönüb, kişiləşmişdi. Sanki öz məhəllə uşaqlarını başına yığıb əylənir,araq içir, yallı gedir. Heç baş nazir də belə görkəm alar? Putin hara baxırdı görəsən? Niyə bu yüngüllük edənə bir sillə vurub, "arvadsan otur arvad yerində" demədi? Hər nəysə xristian ölkəsidir. Onlarda normal və adi hal kimi qəbul edilən vəziyyətdi. 
     
Şuşada içilən araq! Söhbət bir zamanlar dini təhsil verilən, dini məbədləri olan və böyük ədiblər böyüdən torpaqdan gedir. Allah dərgahında qəbul edilən olmayacaq bu hərəkət, Paşinyan. Heç olmasa işğalçı deyilik deyə hayqırdığın reputasiyanı qorumağı bacar. Sonra "yalançının evi yandı,heç kəs ona inanmadı" məsəli başında partlamasın.

Yallıya gəlincə, çox aydın hiss olunur ki, "gəldim,gördüm,mənimsədim" sxeminə bir daha əl uzadılıb. Ən azından yad olduğu üçün yaxşı oynamaya bilmədiklərindən sezmək olur.

Yallı Azərbaycana məxsusdur. Adı da "Çimənkənd". Əsrin əvvəllərindən, yəni 1920-1927-ci illərdən bizim rəqslərimiz və musiqilərimiz toplanıb. Həmin vaxt ermənilər bizimlə kompakt şəkildə yaşadıqları üçün bu rəqsləri bizdən öyrəniblər. Erməni bəstəkarları öz əsərlərində Azərbaycan musiqilərindən istifadə edib. Hətta internet resurslarında gördüyünüz erməni rəqslərinin hamısı Azərbaycan rəqsləridir deyərək, qeyd edib sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli.

Bu da bizim üçün qürurdur ki, bizim musiqidən tutmuş digər mədəniyyət nümunələrinə kimi hər şeyimiz var, özümüzə məxsusdur, millidir. İşğalçı, mənimsəyən,oğru deyilik. 
Daha bir qürur mənbəyimizdə var ki, o da güclü ordumuz və nəinki Qafqazda, hətta dünya liderləri arasında söz sahibi olan Ali baş komandanımız var. Yazımı isə Xan Şuşinskinin özünün yazıb və oxuduğu mahnının sözləri ilə bitirirəm:

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasanda balam, barı gül.

Güləcək, Şuşamızın da üzü güləcək,digər Qarabağ torpaqlarımızın da. İnanıram ki, şücaətli ordumuzla o gün uzaqda deyil. Və həmin gün o torpaqlarda axşamlar evlərdə bizim işıqlarımız yanacaq!


OXŞAR XƏBƏRLƏR